“Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı.

2023-09-04 Baxış: 398
img

“Kino müharibədən sonra Azərbaycan üçün çox vacibdir.” – bu fikirlər “Hoçazfilm” yaradıcılıq studiyasının açılışı zamanı Mehriban xanım Əliyeva tərəfindən dilə gətirildi. Ötən günlərdə Prezident və birinci xanımın Laçına səfəri şərçivəsində açılışı edilən müəssisələrdən biri də “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu idi.
Laçında belə bir studiyanın yaradılması dövlətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Studiyanın kifayət qədər geniş profili və missiyaları var. Belə ki, Qarabağ, Zəngəzur və Vətən müharibəsi tarixini lentə köçürmək, buna şəarit yaratmaq “Hoçazfilm” yaradıcılıq studiyasının əsas məqsədidir. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Adın simvolik seçilməsi özü də tarixə, mədəniyyətə bağlılığı ehtiva edir.
Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına da bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək. Yaradılan studiya Qarabağ və Zəngəzur bölgələrinin tarixini, bugünü dünya və yerli tamaşaçılara çatdıracaq. Bu da bölgədən gələn informasiyaların daha ardıcıl olmasına xidmət edəcək.
Çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq və s. daxildir.
Nəfis tərtibata və müasir dekorlara sahib olan “Hoçazfilm” yaradıcılıq studiyasının ilk layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən “Qarabağ qubernatoru” bədii-sənədli filmidir. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir.
“Hoçazfilm” yaradıcılıq studiyasının qarşısına qoyulan prioret istiqamət cənab Prezident İlham Əliyev tərəfindən müəssisənin açılışı zamanı bir daha dilə gətirildi: “Xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə, mövzular çox ola bilər. Müharibənin özü, həm müxtəlif epizodlar, müxtəlif əməliyyatlar.” Bu da öz növbəsində Müzəffər Ali Baş Koamndanın rəhbərlik etdiyi əməliyyatların, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıqlarının hələ illərlə araşdırılacağı, əsərlərin, filmlərin əsas sujet xəttini təşkil edəcəyi deməkdir.   

Şölə Bağırova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatı sədrinin müavini