Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri: 21.09.2022 Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq

2023-09-04 Baxış: 279
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022- ci il sentyabrın 21-də Laçın rayonuna səfər edib.

Dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir.

Görülən işlər barədə məlumat verilərkən bildirildi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.

Bildirildi ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.

Qeyd edildi ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda bu tunelin giriş portalının tikintisi həyata keçirilir. Uzunluğu 354,4 metr olan T2 tunelində giriş istiqaməti üzrə 115,8 metr qazma işləri görülüb. Uzunluğu 448,7 metr olan T5 tunelində çıxış istiqaməti üzrə 331 metr qazma işləri aparılıb. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri yerinə yetirilib. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsullarla qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

Bildirildi ki, layihələndirilən digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaq.

Diqqətə çatdırıldı ki, Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağı üçün təməlin hazırlanması, yamacların formaya salınması, 12 düzbucaqlı və 4 dairəvi borunun inşası işləri davam etdirilir.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.

Məhz Prezidenti İlham Əliyevin diplomatik zəfərinin nəticəsində Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətə malik rayonlarımız bir güllə atılmadan azad edildi. Bu gün bütün təqvimimizə işğal günlərini zəfər günləri əvəzləyib və tarixi ərazilərimizin azad olunması günü təmtəraqla qeyd edirik.
Avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram şənliyi bu tədbirlərin başlanğıcı idi. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən Prezident İlham Əliyev bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış edir, hər birimiz qürurlu anlar yaşayırıq. Ölkəmizin başçısı yenidən azad olunmuş ərazilərimizdə, xalqın önündədir.
Prezidentin bütün səfərlərində olduğu kimi, Laçına son səfəri zamanı da bir çox mühüm obyektlərin açılışı və təməlqoyma mərasimi bu torpaqların əzəli sakinlərinə bayram ovqatı yaşadır. İşğal dövründə düşmənin xarabalığa çevirdiyi Laçın və bütövlükdə Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri aparılır.

Prezident İlham Əliyevin Laçına səfəri Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi qüdrətinin növbəti nümayişi kimi yadda qaldı. Səfər zamanı sakinlərlə səmimi ünsiyyət və xalq sevgisi Azərbaycan liderinin dövlətimizin yüksəlişinin yenilməz təminatçısı olduğunu bir daha sübut etdi.

Rafət Tağıyev,

YAP Neftçala rayon təşkilatının fəal üzvü