Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri: 21.09.2022 Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi

2023-09-04 Baxış: 270
img

2022- ci il sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu.

Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verilərkən bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Diqqətə çatdırıldı ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.

Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.

“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.

 

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək peşəkarlığı sayəsində Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi, Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan  2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi. 

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə-2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi.  Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri mütəmadi xarakter daşıyır. Zəfər savaşından sonra bu bölgənin inkişafı dövlətin prioritet məsələsidir. Görülən və planlaşdırılan hər bir iş birbaşa dövlət başçısının nəzarətindədir. Ölkə rəhbərinin Laçın səfəri isə bütün baxımlardan xüsusi önəm daşıyır. Yenə də infrastruktur layihələri və geniş tikinti-quruculuq işləri əsas diqqət mərkəzində saxlanılır.

 

İlkin Məmmədov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü