Qərbə inteqrasiya.
İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə
ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti
daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir
və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin,
azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən
azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən
dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.
Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini
müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə
bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü
ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq
əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən
Ulu Öndərimiz Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni
sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi
görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə
xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçmə mərasimindəki
nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə
göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına
hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər
xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan
Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində
görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır.
Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla
bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə
çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan
özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından
istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək
Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına
çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Demokratik dəyərlərin
təşəkkül tapdığı, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin
olunduğu Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm
istiqamətlərindən birini də Qərbə inteqrasiya təşkil edir. Dövlətimiz Qərb dövlətləri,
eləcə də, Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında
qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət
verir. Avroatlantik strukturlar da davamlı olaraq Azərbaycanla əməkdaşlığı
inkişaf etdirirlər. Bir məqama xüsusi toxunmaq gərəkdir ki, bu gün Azərbaycanla
qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və
inkişaf etdirilməsi ilk növbədə Qərb üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi
Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə
sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən
əhəmiyyətli dividendlər vəd edir. Əvvəla, Azərbaycanın rasional enerji siyasəti
regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Qərb
üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil
və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın
enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji
bazarında aparıcı ixracatçılardan birinə çevirib. Azərbaycanın iştirakı olmadan
bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya
dövlətlərinin, o cümlədən, Avropanın, bütövlükdə Qərbin enerji strateji əməkdaşlıqlar
perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan
sahib olduğu bütün bu üstünlüklərlə Qərb dövlətlərinin uzunmüddətli perspektivdə
əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Böyükkişi Cəbrayılov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının
sədr müavini
Digər xəbərlər