Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

2023-10-05 Baxış: 323
img

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən Cəbrayıl şəhərinin işğaldan azad edildiyi 4 oktyabr tarixi Cəbrayıl şəhəri günü kimi qeyd olunur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

İşğal dövründə erməni qəsbkarları Azərbaycanın digər işğal altında olan ərazilərində olduğu kimi Cəbrayıl rayonunda da xalqımıza qarşı dünya tarixində misli görünməmiş vandalizm əməlləri törədiblər. 1993-cü ilin 23 avqustunda işğal olunmuş Cəbrayıl rayonunda həmin vaxt mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Artıq bütün dünya, o cümlədən ermənilərin havadarları da görürlər ki, Ermənistanın hərbi-siyasi rejiminin ölkəmizə, xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti soyqırımları, şəhərlərimizdə törədilən terror aktları, tarixi-mədəni abidələrimizə, təbiətimizə və təbii sərvətlərimizə qarşı yol verilən vandallıq və talançılıqdan ibarət olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə etdiyi çıxışında dediyi kimi, artıq bütün dünya etiraf etməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb və bütün Cənubi Qafqazı bu təhlükəli bəladan qurtarıb.

2020-ci il sentyabr ayının 27-də, Vətən müharibəsinin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Həmin gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildilər. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Vətən müharibəsinin gedişində Şanlı Ordumuz çox şərəfli qələbələrə imza atıb. Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi. Eyni zamanda da böyük uğurla həyata keçirilmiş Cəbrayıl əməliyyatından sonra yaranmış əlverişli şərait imkan verdi ki, tez bir zamanda Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi ordumuz tərəfindən işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

 

Şahin Abdiyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri