“Azərbaycan - Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi
Prezident İlham Əliyevin
bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə
qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan
silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, oktyabrın 4-də
şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
İkinci Qarabağ müharibəsi
zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi
işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran
sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Azərbaycanın Vətən
müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin
noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və
Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Azərbaycan
Prezidentinin regiona növbəti səfərlərindən biri məhz Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə reallaşıb. 20 oktyabr 2022-ci il tarixdə
reallaşan tarixi səfər zamanı dövlət başçıları bir neçə açılış və təməlqoyma mərasimlərində
iştirak ediblər. Bu, iki dövlət arasında qardaşılığın və əməkdaşlığın təzahürü
olmaqla yanaşı, həm də münasibətlərin səviyyəsindən xəbər verir.
İki dövlət başçısının həmin
səfər zamanı iştirak etdiyi tədbirlərdən biri də Cəbrayıl rayonu ərazisində
yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı
Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi olub. Mərasimdə
bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ
Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə
başlanılıb. Bu tədbirlər çərçivəsində, həmçinin “Azərbaycan-Türkiyə
Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi”
Kompleksinin yaradılması nəzərdə tutulub.
Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə
birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40
hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən
340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq
Hava Limanından isə 35 kilometr məsafədə yerləşir. Kompleksdə üç mərtəbədən
ibarət Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli
inzibati bina, laboratoriya, yeməkxana, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi”
yaradılacaq. Təlim Mərkəzində türkiyəli mütəxəssislər və beynəlxalq təlimçilər
tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər region ölkələrinin meşə
mütəxəssislərinə təlimlər keçiriləcək. Yaxın gələcəkdə mərkəzin elektrik təchizatı
üçün 180 kilovat gücündə Günəş Elektrik Stansiyasının quraşdırılması da planlaşdırılır.
“Ağıllı Tingçilik”də qabaqcıl texnologiyalar
əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal
sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə
anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları
inşa ediləcək. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2
milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma
işlərində istifadə olunacaq. Layihə ərazisində torpaqqazma və doldurma işlərinə
ötən il iyunun 20-də başlanılıb və layihənin 2024-cü il iyulun 1-də tam
yekunlaşdırılmaqla istismara verilməsi nəzərdə tutulur.
İlham Gözəlov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər