Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir.
Təsadüfi deyildir ki, Ulu Öndərin böyük etimad göstərdiyi İlham
Əliyev 15 oktyabr 2003-cü il tarixdə keçirilmiş seçkilərdə 76 faizdən çox səslə
Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da xalq öz səsini Ulu Öndər
Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına
vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə
Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş
etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan
xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin
tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını
göstərdi.
Azərbaycanın lideri İlham Əliyev gördüyü işlərlə, yorulmadan və
davamlı şəkildə çalışması, müdrik qərarları ilə xalqımızın ümid yerinə, uğur
simvoluna, qurucu liderinə çevrildi. Bu, bundan sonra da belə olacaqdır. Cənab İlham Əliyevin Heydər Əliyev
siyasi kursuna sadiqliyini təsdiqləyən çox mühüm amillərdən biri Onun ümumxalq
partiyası olan Yeni Azərbaycan Partiyasına uğurlu rəhbərlik etməsidir. Son 20 ildə görülmüş işlər və aparılan
islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu
siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti
bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət
edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya
təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış
Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil
olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək
inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi
və strukturu təsdiq edilmişdir. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə
2021-ci ildə YAP-da köklü islahatlara başlanılıb. 2021-ci ilin 5 mart tarixində
partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunub və bununla da partiya
Sədrinin birinci müavini vəzifəsi təsis edilib, İdarə Heyəti, Təftiş
Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparat yaradılıb.
Partiyanın yeni proqramının hazırlanması üzrə işlərə və kadr islahatlarına
başlanılıb. Şübhəsiz ki, partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII
qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail
olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına,
demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin
tərəqqisinə yeni təkan olacaq. Bütövlükdə, VII qurultay həm Yeni Azərbaycan
Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni
mərhələnin əsasının qoyulması baxımından müstəsna əhəmiyyətə malikdir. Ümumiyyətlə, Yeni Azərbaycan
Partiyası ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident
İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm,
tarixi əhəmiyyətə malik nailiyyətlər qazanıb. Ən əsası, Yeni Azərbaycan Partiyası
müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin
təşəkkülünü təmin edib. Bu gün
Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi
institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi
nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi
sistemdəki avanqard yerinə görə nəinki Azərbaycanın siyasi palitrasının, eyni
zamanda, regionun ən böyük və güclü partiyasıdır. YAP, eyni zamanda, mütərəqqi
ideyalarla çıxış edən - yenilikçi siyasi qüvvə kimi fərqlənir. Özündə yüksək
intellektual potensialı birləşdirən partiyanın fəaliyyətində gənclərə geniş
imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun
formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd etmək lazımdır. YAP bu gün
istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında
birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun
yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər
istiqamətlərdə mühüm işlər görür.
Beləliklə,
cənab İlham Əliyevin Sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da artıb və
partiya qarşıda duran milli hədəflərə çatmaq istiqamətində öz üzərinə düşən
vəzifələri uğurla yerinə yetirir. Bir sözlə, qalib xalqın Zəfər partiyası öz
yolunda inamla və əmin addımlarla irəliləyir!
Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə
məsləhətçisi
Digər xəbərlər