Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfəri
ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək
məqsədi daşıyır. Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş
naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Həmin gün Prezident İlham
Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect
of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Sonra
Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş
naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət
rəhbərlərinin bəyanatlarında bir sıra vacib məsələlərə toxunulub. Qeyd edilib
ki, hər iki dövlətin liderləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq,
qardaşlıq əlaqələrini gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində
səylərini əsirgəmirlər. Dövlət başçılarının ənənəvi görüşləri iki dost və
qardaş ölkələrin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha
da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban
qonşuluq və dostluq şəraitində yaşamışlar və bu gün də belədir. Bu dostluq
əlaqələri həm ölkələrimiz üçün o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox
vacib olan bir şərtdir.
Son illər Azərbaycanın
artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə
səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə
əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu
ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb
edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına
çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında
Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi
amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan
dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm
də mühüm strateji tərəfdaşdır. Ölkələrimiz arasında parlamentlər səviyyəsində
fəal əməkdaşlıq əlaqələri davam edir. Hər iki ölkənin qanunverici orqanlarında
dostluq və işçi qrupları var. Ali qanunverici orqanlarımız dövlətlərarası
münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərinin
nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri həyata keçirilir.
Parlament komitələri arasında da sıx əlaqələr mövcuddur. Bütün bunlar
Azərbaycanın qonşu ölkələri ilə yüksək səviyyəli münasibətlərinin
göstəricisidir. Qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsində, informasiya
və təcrübə mübadiləsi baxımından nümayəndə heyətlərinin qarşılıqlı səfərləri
çox əhəmiyyətlidir.
Ağabəy Xankişiyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər