Qardaşlıq jesti
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi
istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində
saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm
verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci
iclasının keçirilməsini Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.
Son 20 il ərzində
regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli
inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti
beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin
möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətmizin başçısının
inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail
olunub.
Ölkəmiz tarix
baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb,
böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il
düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada
genişmiqyaslı bərpa-quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın
dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı
əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində
çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin
hazırlayıb.
İƏT-in növbəti
iclasının Şuşa şəhərində keçirilməsi ilə bağlı onu da deyək ki, bu il
oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm
nazirlərinin 5-ci iclasında səsvermə nəticəsində Şuşa şəhəri təşkilatın
2026-ci il üçün turizm paytaxtı seçilib. Azərbaycan Xarici İşlər
Nazirliyinin məlumatına görə, həmin toplantıda Azərbaycanı Dövlət Turizm
Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər
arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş
müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da
gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.
Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici
İşlər Nazirləri Şurasının 27-ci iclasının keçirilməsi isə
Azərbaycanın yaratdığı yeni reallığın dəyişməzliyini bir daha nümayiş etdirmək
üçün uğurlu platforma oldu, eyni zamanda Azərbaycan artıq regionda sülh və
sabitliyin təmin olunmasının zəruriliyini bir daha əsaslandırmaq üçün cari
platformadan məharətlə istifadə etdi. Həqiqətən də, artıq regionda yeni dövr
başlayıb, Azərbaycan və Ermənistan arasında bitmiş münaqişənin yenidən
alovlandırılması üçün lüzum, o cümlədən Ermənistanın işğalçı, təcavüzkar
niyyətlərindən qaynaqlanan faktorlar, demək olar ki, tam şəkildə aradan qalxıb.
Artıq Azərbaycanın əraziləri işğalda deyil, eyni zamanda separatizmin cəmi 23
saata kökü qazınıb. Belə olan halda, prinsipial narazılıq məqamları aradan
qalxdığı zamanda, təbii ki, artıq region sülh və əməkdaşlıq üçün açıq
olmalıdır.
Eyni zamanda təklif olunan əməkdaşlıq
platforması Ermənistanın özü üçün həm iqtisadi, həm də siyasi cəhətdən xilas
ola bilər. Ermənistan bölgə dövlətləri ilə əlaqələr qurmaqla, həmçinin
Azərbaycanın həyata keçirdiyi çoxsaylı layihələrə qoşulmaqla özünün
sosial-iqtisadi durumunu yaxşılaşdıra və nəticə etibarilə iqtisadi müstəqilliyinə
doğru addımlaya bilər. Bu isə eyni zamanda hazırda qütblər arası qarşıdurmanın
mərkəzlərindən çevrilməkdə olan Ermənistanın həm də siyasi asılılıqlarından
qurtulması üçün şansdır.
Şuşa toplantısında diqqət çəkən məqamlardan digəri Azərbaycan və Türkiyə
xarici işlər nazirlərinin birgə ritorikası oldu. Şuşa Bəyannaməsi ilə ən ali
müstəviyə qalxmış Azərbaycan və Türkiyə münasibətlərinin hazırkı mərhələdə də
özünün inkişaf dövrünü yaşadığı və Şuşa Bəyannaməsində ifadə olunduğu kimi,
istənilən kənar təhdidə münasibətdə adekvat reaksiya verə biləcək effektiv
mexanizmə çevrildiyinin bir daha hər kəs şahidi oldu.
Bu isə o deməkdir ki, regionda Türkiyə və
Azərbaycanı qarşısına almaq, Türkiyə və Azərbaycana münasibətdə ərazi iddiaları
qaldırmaq və hər iki qardaş dövlətlə münasibətləri gərginləşdirmək faydasızdır.
Əksinə, Azərbaycan Prezidentinin yaratdığı yeni reallıq, hər iki ölkə ilə
əməkdaşlıq, iqtisadi, ticari, siyasi münasibətlərin inkişafı üçün yeni imkanlar
yaradıb və bölgə dövlətləri, ələlxüsus da Ermənistan bu amildən istifadə
etməklə regional tərəqqinin bir parçasına çevrilə bilər.
Elçin
Əsədov,
YAP Neftçala
rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədr müavini
Digər xəbərlər