Neftçalada “Sözümüz imzamızdır!” adlı tədbir keçirilib

2023-10-13 Baxış: 1017
img
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyi münasibətilə “Sözümüz imzamızdır!” adlı ümumrayon tədbiri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, partiyanın veteran və fəal üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu uğurunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
İlk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev möhtərəm Prezident, Cənab İlham Əliyevin ötən 20 il ərzində çoxşaxəli və yorulmaz fəaliyyətini, əldə olunan nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi cənab İlham Əliyevin prezidentliyi dövrü daxildə siyasi sabitliyin möhkəmlənməsi, fəal dilpomatik əlaqələrin qurulması nəticəsində ölkəmizin beynəlxalq aləmdə imicinin artması, beləliklə, müstəqil Respublikamızın milli səviyyədən regional, hətta qlobal miqyasa yüksəlməsilə xarakterizə olunur. Qlobal düşüncəli liderin Azərbaycan qarşısında ən böyük xidmətlərindən birinin isə məhz Azərbaycanın ərazi bütövülüyün və tam suverenliyinin bərpası olduğunu vurğulayan Ülvi Fərzəliyev indi uşaqdan-böyüyə hər kəsin qalib Prezidentin arxasında olduğunu, onun də yalnız öz xalqına arxalandığı bildirib.
Daha sonra çıxış edənlər – Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, partiyanın veteran üzvü Oqtay Kərimov, Vətən müharibəsi qazisi Yusif Abdullayev, ərazi partiya təşkilatının sədrləri Şəfəq Balaşova və Elşad Əhmədov ötən 20 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna toxunaraq Ulu Öndər ideyalarından qaynaqlanan Prezident İlham Əliyev siyasətinin alternativsiz olduğunu nəzərə çatdırıblar. Çıxışçılar eyni zamanda Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətinin misilsiz olduğunu ifadə ediblər.
Tədbirdə Prezident, Cənab İlham Əliyevin fəaliyyət xronikasını özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra tədbir ŞSRMİ-nin Neftçala rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi milli-vətənpərvərlik ruhunda konsert proqramı ilə davam edib.
Sonda YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup şəxs Partiyanın ictimai-siyasi həyatında fəal iştirak etidiyinə görə Fəxri Fərmanla təltif olunub.