"Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
2023-10-14
Baxış: 439
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində Ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycanın memarı Heydər Əliyev ötən əsrin 90-cı illərində xalqın təkidli tələbilə yenidən hakimiyyətə qayıdandan sonra suverenliyimiz möhkəmləndi, ümumbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideya əsasları və strateji inkişaf istiqamətləri müəyyənləşdirildi, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı. Ümummilli Liderin andiçmə mərasimindəki nitqini yada salaq: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bəli, müstəqil Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırdı. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparan Ümummilli lider qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi rəhbərin uzaqgörən siyasəti və idarəçiliyi ilə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, ölkənin xaos vəziyyətdən çıxarılması istiqamətində görülən bütün işlər birbaşa Ümummilli liderin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır.
Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də ona görə minnətdardır ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 20 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bəli, dahi lider Heydər Əliyev bilirdi ki, liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Və bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - deyən Azərbaycan Prezidenti İlham Əliyevin qalib lider olaraq bütün öhdəliklərini reallaşdırmaqdadır. Şübhəsiz ki, ən böyük zəfər, ən böyük qələbə “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir, Şuşasız Qarabağ, Qarabağsız isə , ümumiyyətlə Azərbaycan yoxdur”, - deyən Ulu Öndərin arzusunun yerinə yetirilməsi oldu. Bəli, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi. "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşadı və yaşamaqdadır.
Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir! Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri
Digər xəbərlər
2021-11-04
2023-04-18