Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş peşəkar dövlət siyasəti.

2023-10-16 Baxış: 235
img

Azərbaycanın yeni tarixində ən mühüm hadisələrdən biri Ümummillli lider Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsidir. Həmin gündən düz 20 il keçir və Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni dinamika gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Bu gün Ölkə başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırır. Son iyirmi il ərzində ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması Ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi on yeddi illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Ölkə Prezidenti “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə cənab Prezidentin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.Təsadüfi deyil ki, cənab Prezident dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Yuxarıda sadalanan uğurlar bir daha təsdiq edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir. Onun rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, Ölkəmizin gələcək inkişafının qarantı sayıla bilən modern Azərbaycan dövlətinin tərəqqi modelidir. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir və bir daha aydın olur ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur və xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.

 

  Ruhəngiz Nəcəfova;

  Neftçala rayon ziyalısı, müəllim