"Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar."

2023-10-16 Baxış: 241
img

İllər keçsə, qərinələr bir-birini əvəz etsə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin  tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qadirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaqdır. 

 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfə oldu. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.

 

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə bir çox sahədə söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. Ulu Öndər Heydər Əliyevin dövlətlərarası münasibətlər haqqında söylədiyi hər bir fikir bu gün də öz aktuallığını saxlayır. 

Ulu Öndər Heydər Əliyev 11 may 2000-ci ildə İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqində qeyd etdi ki, “Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar. Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycan xalqı heç vaxt heç bir millətə qarşı pis niyyətlər, mənfi münasibət göstərən xalq deyildir. Məhz buna görə də yəhudilər Azərbaycanda əsrlər boyu sərbəst yaşamış, öz həyatlarını qurmuş, Azərbaycanın həyatının bütün sahələrində fəaliyyət göstərmiş və Azərbaycanın inkişafında fəal iştirak etmişlər. Bu gün də müstəqil dövlətimizdə yəhudilər Azərbaycanın bərabər hüquqlu vətəndaşları kimi yaşayırlar. Onlar burada öz ölkələri, vətənləri kimi yaşayırlar.” Azərbaycanda yaşayan yəhudilər sözün həqiqi mənasında XIX əsrin sonu və XX əsrin əvvəlindən başlayaraq indiyə qədər Azərbaycan elminin, mədəniyyətinin, səhiyyəsinin, iqtisadiyyatının, sənayesinin inkişafında böyük xidmətlər göstərmiş və çox silinməz izlər qoymuşlar.

 

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmiz ilə İsrail arasında hökumətlərarası əlaqələr daim inkişaf etmişdir. İsrail hökumətinin, dövlətinin bir çox nümayəndələri Azərbaycanda səfərlərdə olmuş, bir çox işgüzar görüşlər keçirilmişdir. Dövlətlərarası, hökumətlərarası əlaqələrin inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparılmışdır.

 

Bu faktlar İsrail ilə Azərbaycan arasında, Azərbaycan ilə bütün dünya yəhudiləri arasında dostluq əlaqələrinin mövcud olduğunu çox parlaq nümayiş etdirir. Biz bu əlaqələrin gələcəkdə də inkişaf etməsini istəyirik, bunun üçün öz tərəfimizdən lazımi tədbirlər görürük və görəcəyik. Ümidvarıq ki, İsrail-Azərbaycan əlaqələri get-gedə genişlənəcək və hər iki tərəfə fayda verəcəkdir.

 

Pərviz Hacıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri