Ukrayna olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkədir. Buna görə də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti var.

2023-10-17 Baxış: 344
img

Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi inkişafını və beynəlxalq münasibətlərini formalaşdıran və təkmilləşdirən liderdir. Onun fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq arenada daha nüfuzlu və tanınmış bir ölkəyə çevirilmişdir. Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlərlərə hər zaman xüsusi önəm verirdi.

İkitərəfli münasibətlər çərçivəsində Ukrayna ilə əlaqələr vacib yer tuturdu. Ümummilli lider yaxşı bilirdi ki, Ukrayna ilə doltluq və əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev 17 mart 2000-ci ildə Ukrayna Respublikasının Prezidenti Leonid Kuçmanın Azərbaycan ictimaiyyəti ilə görüşü və ona “İstiqlal” ordeninin təqdim edilməsi mərasimində söhbəti zamanı bildirmişdir ki, Ukrayna prezidenti çox hörmətli Leonid Daniloviç Kuçmanın Azərbaycana rəsmi səfəri başa çatır. Biz bu səfəri və onun yekunlarını Ukrayna və onun prezidenti Leonid Daniloviç Kuçma tərəfindən Azərbaycana böyük diqqətin təzahürü kimi, ölkələrimiz və dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın getdikcə möhkəmlənməsinin sübutu kimi, bu çətin şəraitdə Azərbaycanın dəstəklənməsinin sübutu kimi qiymətləndiririk.

“Leonid Daniloviç, səfərinizə görə Ukrayna ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsi naminə sizinlə birlikdə həyata keçirə bildiyimiz böyük və səmərəli işə görə sizə bir daha təşəkkür edirəm. Biz bu səfərdən və onun nəticələrindən çox məmnunuq, çünki yenidən fikir mübadiləsi apara, ölkələrimiz arasında dostluğun, əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmlənməsinə yönəldilmiş dövlətlərarası münasibətlərimizə aid geniş əhatəli məsələləri müzakirə edə bildik. Biz dünyada baş verən proseslərə aid məsələlərin geniş dairəsini də müzakirə etdik. Sizinlə birlikdə gördüyümüz işə yekun vuraraq, çox böyük məmnunluqla deyə bilərəm: mən şadam ki, biz yenə də və yenə də eyni mövqelərdəyik, belə deməyə həqiqətən əsasımız var ki, Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq strateji xarakterə malikdir. Gənc müstəqil dövlət olan Azərbaycan öz xarici siyasətində dünyanın bütün ölkələri ilə, xüsusən qonşularla yaxşı, qarşılıqlı surətdə faydalı münasibətlər qurmağın zəruriliyini əsas tutur. Əlbəttə, bu zaman biz başlıca prinsipləri əsas tuturuq. Dövlətimizin bu başlıca prinsipləri və dostluq münasibətləri yaratdığımız və bu münasibətlərin inkişafına çalışdığımız dövlətin başlıca prinsipləri üst-üstə düşdükdə, şübhəsiz, gözəl nəticələrin şahidi oluruq. Ukrayna olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkədir. Ukrayna çox mühüm coğrafi-strateji mövqedə yerləşir, müasir beynəlxalq həyatda, dünya siyasətində və Avropa Birliyi strukturlarında əhəmiyyətli rol oynayır. Buna görə də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti var” – deyə Ulu Öndər Heydər Əliyev Leonid Kuçma ilə görüşündə Azərbaycan-Ukrayna münasibətlərinin həmin dövrdəki səviyyəsinin və inkişaf prespektivlərinin mənzərəsini ifadə etmişdir.

Ukrayna Azərbaycan üçün strateji müttəfiq, dost və tərəfdaş ölkələrdən biridir. BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992- ci ildə yaradılmışdır. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılmışdır. Dövlətlərimizin münasibətlərinin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir. Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və iki dövlət strateji tərəfdaşdır. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində də əməkdaşlıq inkişaf edir.

Artıq iki ilə yaxındır davam edən və bütün bəşəriyyəti narahat edən Ukrayna-Rusiya müharibəsi fonunda yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir. Bir müddət əvvəl Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncamla Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlıqlarının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Nigar İbrahimova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri