“Heydər Əliyev məktəbi” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

2024-01-02 Baxış: 434
img
YAP Neftçala rayon təşkilatının inzibati binasında “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib. Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev geridə qoyduğumuz il ərzində təşkilat tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən tədbirlərdən, eləcə də silsilə xarakter daşıyan “Heydər Əliyev məktəbi” layihəsindən bəhs edib. O, layihə çərçivəsində keçirilən təlim, seminar və görüşlərin Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliğinə, bu sahədə məlumatlılığın artırılmasına xidmət etdiyini qeyd edib.
Daha sonra çıxış edən şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev Ümumilli Lider Heydər Əliyevə həsr olunan tədbirlərin gənc nəslin təlim-tərbiyəsinə, vətənpərvərlik ruhunun aşılmasına müsbət təsirlərindən söz açıb, bu qəbildən olan tədbirlərin davamlı olmasını arzu edib.
Çıxış edən layihə iştirakçıları Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə mütəxəssislərlə keçirilən görüşlərin yenilikçi və faydalı olduğunu vurğulayaraq, təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra “Heydər Əliyev məktəbi”nin məzunlarına diplomlar təqdim olunub, xatirə fotosu çəkilib. Görüş çay süfrəsi ətrafında səmimi müzakirələrlə davam edib.