Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

2024-05-16 Baxış: 149
img
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçılarına sərgilərlə bağlı məlumat verdi.

Bildirildi ki, Bakı Ekspo Mərkəzinin bütün dörd zalını və açıq sahəsini əhatə edən sərgilərə ümumilikdə 38 ölkədən 500-yə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir. “InterFood Azerbaijan” sərgisində isə dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət və süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunur.

Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış oldular.

Belarus Respublikasının Milli Qrupunun qida məhsulları stendləri ilə tanış olan dövlət başçılarının diqqətinə çatdırıldı ki, stendlərdə 40-a yaxın şirkət, o cümlədən “Gomselmash”, “Brestmiasomolprom” zavodları, Slutsk pendir fabriki, Minsk süd kombinatı, Qrodno ət-qablaşdırma, Volkovysk və Mogilev ət emalı zavodları, “Belvetfarma”, “Belqospişçeprom”, “Belinterexpo”, “Bresteysky pekar”, “Bremor”, “Brestmeat”, “Brestmiasomolprom”, “Slodych”, “Spartak”, “Algon”, “Grodno azot” və digər şirkətlər öz məhsullarını təqdim edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov: Bu il burada Belarusun ən böyük milli pavilyonu təmsil olunur.

Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov: Hər vaxtınız xeyir. İcazə verin, sərgidəki Belarus ekspozisiyasını təqdim edim. Bu il sərgidə kənd təsərrüfatı texnikasından tutmuş ət, süd, neft-kimya, qənnadı sənayesinə qədər olmaqla 40 müəssisə iştirak edir. İcazənizlə, sərgidəki pavilyonumuzla tanışlığa məhz bu ekspozisiyadan başlayaq.

Belarusun “Slodıç” qənnadı fabrikinin baş direktoru Aleksandr Neçay: Hər vaxtınız xeyir. Bu gün biz Belarus Dövlət Qida Sənayesi Konsernini təmsil edirik. Sərgidə bizim sahəyə aid 10 müəssisə, o cümlədən qənnadı sahəsinə aid 4 müəssisə iştirak edir. Buraya maraq doğuran bir sıra yeni məhsullarımızı gətirmişik. Aleksandr Qriqoryeviç, Sizin göstərişinizə əsasən tərkibində quru süd olan məmulatlar istehsal edilib və bazara çıxarılıb. Bu məhsullar peçenyelərdir. Həmçinin qənnadı fabriki yeni növ məhsullar - karamel, jeleli konfetlər təqdim edir. Bu məhsullar uşaqlar tərəfindən çox sevilir.

Həmçinin sərgidə bizim qənnadı sənayemizin ən iri istehsalçılarından biri olan “Kommunarka” da iştirak edir. O, şokolad istehsalı ilə məşğul olur. Biz bu sərgiyə şokoladlı batonların yeni seriyasını gətirmişik, həmçinin ənənəvi məhsullarımızı da təqdim etmişik. Bundan başqa, bizim “Spartak” qənnadı fabrikimiz də var. O, qənnadı sənayemizdə böyüklüyünə görə ikincidir və sərgidə yenə də tərkibində şəkər olmayan məhsullarla çıxış edir. Biz, prinsip etibarilə, əsasən şəkərsiz məhsullara üstünlük veririk.

Prezident Aleksandr Lukaşenko: Bizim iki qənnadı şirkətimiz var. “Spartak” və “Kommunarka” əsas şirkətlərdir, digərləri də var.

Aleksandr Neçay: Biz həm də tərkibində şəkər olmayan məhsul istehsal etmişik. Bu məmulat peçenyedir. Bu məhsul zülalı yaxşı həzm etməyən insanlar üçün nəzərdə tutulub. “Spartak” şirkəti də əsasən tərkibində şəkər olmayan məhsullar seriyası hazırlamağa başlayıb. Bu məhsullar müxtəlifdir, onların arasında həm vafli, həm konfetlər, həm şokoladlar, həm də digər məhsullar var.

Məcnun Məmmədov: Cənab Prezident, Sizə şərabçılıq və bal istehsalı üzrə ixtisaslaşmış iki ailə biznesini təqdim etmək istərdim. Onlar balı Yaponiyaya ixrac ediblər.

Prezident İlham Əliyev: Yaponiyaya? Afərin. Hansı rayondan?

Sərginin iştirakçısı: Saatlı rayonu, bizim kiçik ailə təsərrüfatımız var.

Prezident İlham Əliyev: Afərin.

Prezident Aleksandr Lukaşenko: Bunlar kiçik təsərrüfatlardır, xüsusilə bal istehsal edirlər. Afərin.

Mixail Myatlikov: Bazara çıxarıblar, artıq bərk pendir növünü dequstasiya üçün özləri ilə gətiriblər.

Prezident İlham Əliyev: Məhsullar artıq burada satılır?

Mixail Myatlikov: Bəli. Məhsulların yeni seriyası da məhz bərk pendir növlərindən ibarətdir. “Belneftexim” konserni, gübrələr, yağlar, qablaşdırma materialları təqdim olunur. Bu, plastik şüşələr üçün preformaların xammalıdır.

Prezident Aleksandr Lukaşenko: Daha doğrusu, biz neft emalı işini genişləndiririk. Neft emalı indi çox böyük perspektivə malikdir.

Prezident İlham Əliyev: Sizin iki zavodunuz var.

Prezident Aleksandr Lukaşenko: Bəli.

Mixail Myatlikov: “Turovski” süd kombinatı bazarda təmsil olunur. Lakin yeniləri də artıq fəaliyyətə başlayıb.

Prezident Aleksandr Lukaşenko: Bunlar bizim ən nəhəng müəssisələrimizdir. Ən böyük şirkət sayılır. “МТZ”, “Qomselmaş” – traktorlar və avtomobillər istehsal edir. Prezident dəfələrlə “МАZ” barədə danışıb.

Minsk avtomobil zavodunun baş direktoru Valeri İvankoviç: Bizdə xeyli istehsal xətti mövcuddur. Kompleks tullantıların yığılması üçün maşınlarımız var. Hesab edirəm ki, onlara böyük tələbat var. Gəncə avtomobil zavodunda biz avtomobillərin müştərək yığılması müəssisəsini yarada bilərik. Biz şassi tədarük edərik, iş yerini siz təmin edərsiniz. Sizin mütəxəssislər qurğuların yığılmasını təmin edərlər, təcrübə və biliklərdən isə birgə istifadə olunar.

Prezident Aleksandr Lukaşenko: Prezident bu təklifi dəstəkləyir.

Valeri İvankoviç: Buna görə təşəkkür edirəm. Çox sağ olun.

Mixail Myatlikov: Milli musiqi alətində musiqili dəstək.

Prezident Aleksandr Lukaşenko: Simbal. Çox gözəldir.

Prezident İlham Əliyev: Sağ olun.

Mixail Myatlikov: Bizim müəssisəmiz məşhurdur – “Santa Bremor” adlanır. Yelena, buyurun, söz sizindir.

Prezident Aleksandr Lukaşenko: Yaxşı şirkətdir.

“Savuşkin produkt” müəssisənin baş direktorunun müavini Yelena Babkina: Xoş gördük, “Bremor” şirkəti bu sərgidə 2007-ci ildən təmsil olunur. Çoxprofilli şirkət olmasına baxmayaraq, burada balıq və dəniz məhsullarını təqdim edir. Başa düşürəm ki, Azərbaycanı dəniz məhsulları ilə təəccübləndirmək çətindir. Lakin biz çalışırıq ki, tələbatın daha çox olduğu dəniz məhsullarının istehsalı ilə məşğul olaq.

Prezident Aleksandr Lukaşenko: Sadəcə, burada bu texnologiyalar üzrə işə başlamaq lazımdır. Sizin texnologiyalarınız yaxşıdır.

Yelena Babkina: Bəli, əlbəttə. Ticarət distribütorumuz da var. Şirkətimiz 2007-ci ildən bəri eyni distribütorla işləyir. Biz ticarət şəbəkələrində təmsil olunuruq, inkişaf edirik. Ötən il biz hətta 1 milyon dollar dəyərində balıq məhsulları satmağa nail olmuşuq. İki-üç ildən sonra ticarət dövriyyəmizin həcmini iki dəfə artırmağı planlaşdırırıq.

Ötən il “Savuşkin produkt” şirkəti 4 milyon 600 min dollar həcmində süd məhsulları tədarük edib. Bu il isə ilk rübün nəticələrinə əsasən, inkişaf sürətimiz əhəmiyyətli dərəcədə artıb. Biz sarı pendirlərin istehsal həcmini genişləndirməyi, təzə pendirin istehsalını planlaşdırırıq. Bu Mozzarella pendiridir. Bizdə geniş çeşiddə pendir növləri var. Azərbaycanda istehsal edilən təzə pendirdən, daha doğrusu, süzmə pendirdən tutmuş, sarı pendirə, o cümlədən uzun müddət ərzində hazır vəziyyətə gələn pendirə qədər hazırlayırıq.

Prezident İlham Əliyev: Biz sizin məhsulları yaxşı tanıyırıq.

Yelena Babkina: Bəli, “Savuşkin” və “Brest-Litovsk” ticarət markalarımız var. Bu ilin ilk rübünün nəticələrinə əsasən, biz istehsalı əhəmiyyətli dərəcədə artırmışıq. Ötən illə müqayisədə bu ilin birinci rübündə ticarət dövriyyəmiz 70 faiz artıb. Buna görə də, hesab edirəm ki, heç də pis işləmirik. Həm də xoşagələn haldır ki, insanlar sərgiyə gələrək bizim məhsulların dadına baxırlar və belə deyirlər: “Biz sizin məhsulu alırıq”. Bu, möhtəşəmdir.

Mixail Myatlikov: Qrodnensk vilayəti “Qrodnensk” ət kombinatı ilə təmsil olunur.

Kombinatın təmsilçisi Veronika Romanoviç: Biz 2016-cı ildən Azərbaycan Respublikasına hazır kolbasa məhsullarının tədarükünü həyata keçiririk. Bu il isə halal dana əti üzrə satış bazarımızı açmışıq.

Prezident Aleksandr Lukaşenko: Sovet İttifaqında ən yaxşı vilayət hesab olunurdu. Onlar indi də öz fəaliyyətlərini davam etdirirlər.

Prezident İlham Əliyev: Bunlar isə steyk məmulatlarıdır, elədirmi?

Veronika Romanoviç: Ev üsulu ilə hazırlanır. Bu, bizim yeni məhsulumuzdur. Ümid edirəm ki, bu məhsulları tezliklə Sizin bazara da tədarük edəcəyik. Sağ olun.

Prezident İlham Əliyev: Uğurlar arzu edirəm.

x x x

Yerli istehsal və ixracat, ailə təsərrüfatı stendi ilə tanışlıq zamanı bildirildi ki, bu stenddə “FA Valley” və “Bal10” şirkətlərinin məhsulları təqdim edilir. “FA Valley” şirkətinin istehsal etdiyi şərablar 100 faiz “Sangiovese” şərablarıdır. Şərabların hazırlanması prosesində yalnız yerli mayalardan istifadə olunur. Məhsullar başqa xarici ölkələrdə də təqdim edilir. “Bal10” şirkəti isə Azərbaycanda yerli sahibkar tərəfindən Aran zonasında yetişən biyan bitkisindən hazırlanan bal məhsulları istehsal edir. Şirkətin məhsulları Qətərdə və Malayziyada təqdim olunur.

Sərgidə yer alan şirkətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən “MAN-AGRO” MMC-dir. Şirkət kənd təsərrüfatı sahəsində bir neçə istiqamətdə yerli və xarici bazarlara çıxmağı bacarıb. Ümumilikdə 360 hektara yaxın müxtəlif çeşidli tumlu və çəyirdəkli meyvə bağlarına sahib olan şirkət həmin meyvələrin saxlanmasını və satışını, eləcə də meyvə tinglərinin yetişdirilməsini, inkişafını və yeni sortların alınmasını, ağaclar üçün gübrə və digər dərmanların satışını həyata keçirir. Fəaliyyəti ölkəmizin bütün ərazisini əhatə edən şirkətin ümumilikdə 10 min ton tutuma malik soyuducu anbarları var. Şirkətin ixrac istiqamətləri Rusiya, Belarus, BƏƏ, Qətər və Maldiv adalarıdır.

“Absheron Olive Garden” MMC 700 hektarlıq zeytun bağları ilə yanaşı, həm də ölkəmizdə, eləcə də bütövlükdə regionda ən böyük və müasir zeytun yağı emalı və süfrəlik zeytun məhsulları istehsalı zavodlarından ibarətdir. İllik 35 min ton xam zeytun qəbul etmək gücündə olan zavodda soyuq sıxım üsulu ilə “Extra Virgin” zeytun yağları istehsal edilir. Süfrəlik zeytun istehsalı zavodunda isə yaşıl, qara, çəyirdəkli, çəyirdəksiz, dilimlənmiş, içlikli və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün şərait mövcuddur. İstehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, Rusiya, İsrail, Kanada, Türkiyə və İspaniyaya ixrac edilir.

Dövlət başçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin stendləri haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir. Bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir. Bu il ölkəmizin COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar sərgilərdə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və iqlim risklərinin qiymətləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür.

2014-cü ildə fəaliyyətə başlayan “Agro Dairy” MMC Azərbaycanda kənd təsərrüfatı sahəsində qabaqcıl şirkətlərdəndir. Şirkətin məqsədi müasir texnologiyaların, innovativ həllərin tətbiqi ilə Azərbaycanın kənd təsərrüfatı sektorunda köklü dəyişikliklər etməkdir. Şirkət əsasən buğda, arpa və qarğıdalı kimi dənli bitkilərin becərilməsini, həmçinin yonca və şəkər çuğundurunun yetişdirilməsini həyata keçirir.

Sonra Azərbaycan və Belarus prezidentləri Bakı Ekspo Mərkəzinin açıq sahəsindəki stendlərlə tanış oldular.

Məlumat verildi ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KamAZ markalı yük avtomobilləri, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar, digər texnika və avadanlıqlar istehsal edir.

Belarus milli stendinin açıq sahədəki pavilyonunda iki şirkət - “Gomselmash” və Minsk avtomobil zavodu (MAZ) təmsil olunur. MAZ Şərqi Avropada sərnişin, xüsusi, kommunal və qoşqu avtomobillərinin istehsalı üzrə aparıcı müəssisədir. Ən böyük kənd təsərrüfatı texnikası istehsalçılarından olan “Gomselmash”ın kombaynları bir sıra ölkələrə ixrac olunur.

Azərbaycanın sərgidə təmsil olunan “Agrosystems” şirkəti aqrobiznes nümayəndələri üçün innovativ həll yolları təqdim edir. Ölkəmizdə istehsal edilən “AGROMAX 10 000 TUN” hidrosoyutma aparatı keyfiyyəti, yüksək soyutma gücü, münasib qiyməti və aşağı enerji sərfiyyatına görə dünya bazarında digər nümunələrdən fərqlənir. Soyutma gücü saatda 10 ton təşkil edən bu texnologiya sayəsində məhsulların ömrü üç dəfə artır. Meyvə və tərəvəzlərin yığılması üçün nəzərdə tutulmuş hidravlik “AGROLAF-4000” platforması 3,5 metr hündürlüyə qədər qalxır. Bu platforma 8 nəfərin iş prosesində səmərəliliyini və rahatlığını təmin etməyə imkan verir. Zədələnmədən fındıq məhsulunu toplamaq üçün yaradılmış innovativ qurğu isə fındıq yığımı prosesini daha səmərəli və sürətlə həyata keçirmək imkanı yaradır.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Həmçinin bu il ilk dəfə olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakaton yarışması da keçiriləcək.