Neftçala Peşə Məktəbində “Açıq qapı" günü keçirilib.

2024-05-22 Baxış: 347
img
Tədbirdə YAP Neftçala Rayon Təşkilatının sədri Ülvi Fərzəliyev və əməkdaşları, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, orta məktəblərin direktorları, Salyan və Şirvan Peşə liseyinin və Salyan Peşə Təmayüllü Siniflərin müəllim-şagird kollektivi iştirak ediblər.

İlk olaraq məktəbin müxtəlif ixtisaslar üzrə buraxılış qruplarının tələbələrinin istehsalat təlimi və təcrübəsi zamanı hazırladıqları işlərdən ibarət sərgiyə baxış keçirilib, sinif otaqlarında nəzəri dərslər və emalatxanalarda təcrübi biliklərin tətbiqi izlənilib. Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin gedişi nümayiş olunub.

Daha sonra məktəbin direktoru Tarıyel Yaqubov ötən bir il ərzində görülən işlər barədə hesabat xarakterli çıxış edib. Dövlət başçısı tərəfindən peşə təhsilində texniki imkanların genişləndirilməsi işləri ilə yanaşı, bu sahədə çalışan işçilərin və pedaqoji heyətin maddi vəziyyətinin, sosial rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən bəhs edib. Eyni zamanda Neftçala Peşə Məktəbində yaradılan şərait barədə ətraflı məlumat verib.

Çıxış edənlər məktəbin hazırlığını yüksək qiymətləndirib, görülən işlərin keyfiyyətinin daha da artırılması üçün dövlət tərəfindən hərtərəfli dəstəyin göstərildiyini ifadə ediblər. Prezident, cənab İlham Əliyevin təhsilin digər pillələri ilə yanaşı peşə təhsilinin inkişafı ilə bağlı həyata keçirdiyi işlərin bəhrəsini verdiyini bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.