Ulu Öndər Heydər Əliyevin ökənin beynəlxalq nüfuzunu artıran xarici siyasətin prioritetləri.

2024-10-01 Baxış: 173
img

Ümumiyyətlə, hər tarixi dövrün öz görkəmli şəxsiyyətləri olur. Şəxsiyyətləri zaman yetişdirir. Amma bəzən əksinə də olur. Dahi insanlar zamanın fövqünə yüksələrək, öz dövrlərini yaradırlar. Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyətdir: XX əsrin ikinci yarısının xeyli hissəsini əhatə edən dövr Onun adı ilə bağlıdır.1969-cu ildən başlayaraq, 30 ildən çox müddət ərzində O, yalnız bir dəfə respublikanın rəhbəri kimi hakimiyyətdən kənarda olmuşdur. 1982-ci ildə Heydər Əliyev daha yüksək vəzifəyə - İttifaq hökuməti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, hakim partiyanın ali orqanı olan Siyasi Büronun üzvü seçilmişdir. Amma sonralar Heydər Əliyev 1987-ci ildə ölkənin ovaxtkı rəhbəri Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.Lakin Heydər Əliyevin Azərbaycanda olub-olmamasından, yüksək vəzifədə çalışıb-çalışmamasından asılı olmayaraq, respublikanın bütün şəhərlərindən ucqar kəndlərinə kimi ağlı kəsən hər bir insan ölkənin böhranlı dövrlərində Onun zəkasına, iradəsinə və məharətinə inanıb güvənmiş, Heydər Əliyevin simasında Vətənini və həmvətənlərini sevən, lazım gəldikdə onların köməyinə gəlməyə və onlara arxa durmağa həmişə hazır olan müdrik bir ağsaqqal görmüşdür.1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, ölkə daxilində anarxiya hökm sürürdü. Belə vəziyyət 1993-cü ilin ortalarında Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycan xalqı bu təhlükələrdən yeganə xilas yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq ölkə Parlamentinin Sədri seçildi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya birliyindəki mövqeyini möhkəmləndirdi.Hesab edirəm ki, 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir.Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanların öz qüvvələrinə inamı geri qaytarıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı. Bir sözlə, Azərbaycan inkişaf yoluna çıxdı.Məmnunluqla qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərindədir, Onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim firavanlığına, əmin-amanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək.

Valeh Tağıyev,

YAP Neftçala rayon təşkilatının Veteran üzvü