Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir

2025-01-31 Baxış: 94
img

Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır .Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq. Ümummilli  lider Heydər Əliyevin rəhbərliyi dövründə yetişən peşəkarlaşan, ixtisaslı hərbi kadrlara çevrilən  vətənpərvər gənc nəsil   ərazi bütövlüyümüzün qorunmasına öz töhfələrini vermişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu ikinci dövrdə də hərbi vətənpərvərlik işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirib. O, dəfələrlə hərbi hissələrdə, ön cəbhədə Silahlı Qüvvələrin heyəti ilə görüşüb, problemlərlə yerində tanış olub. Heydər Əliyev hərbi sahənin gücləndirilməsi işi ilə yanaşı, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərini də əsas vəzifə hesab edirdi.Gənclər siyasəti dövlətimizin daxili siyasətinin ən başlıca istiqamətlərindən biridir. Gənc nəslin daha geniş dünyagörüşə malik olmasının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalıdır. Azərbaycan Prezidenti İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini daim davam etdirir. Məhz elə bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində həm fəallığı ilə fərqlənir, həm də dövlətimiz üçün, dövlətçiliyimiz üçün gərəkli və zəruri təşəbbüslərin gerçəkləşməsində böyük rol oynayır, inamlı addımlar atırlar.Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük yaddaqalan uğurlarından biri də gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. Prezident İlham Əliyev daim gənclərə müraciət edərək onları ana Vətəni sevməyə, torpaqlarımızı göz bəbəyi kimi qorumağa çağırıb. Ən başlıcası isə dövlətimizin başçısı şəxsi nümunəsi ilə gənclərə Vətənə necə xidmət etməyi öyrədib. Gənclərimiz də Prezident İlham Əliyevin tarixin səhifələrinə böyük hərflərlə yazılmış geniş fəaliyyətini, müdrik və olduqca dəyərli çağırışlarını özlərinin həyat kredosuna çeviriblər. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan böyük Zəfər bir daha dünyaya göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərdirlər. 

Xanım Ağayeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri.