Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Mayın
28-də Liderlərin - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq
Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli
Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin
olunması baxımından simvolik əhəmiyyət daşıyır. Zirvə görüşündə regional təhlükəsizlik,
iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə
olunub. Zirvə görüşündə Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd etməklə başladı. Bu, müsəlman
dünyasında ilk demokratik respublikanın qurulması kimi böyük tarixi hadisə idi.
Lakin bu müstəqilliyin qısa sürməsi, xarici təzyiqlər və işğallarla üz-üzə
qalmış Azərbaycan xalqının mübarizəsinin simvolu kimi təqdim olundu. Bu, Azərbaycanın
keçmiş ədalətsizliklərlə, itkilərlə və işğallarla mübarizəsinin, eyni zamanda
iradəsinin və qardaş xalqların dəstəyinin gücünü vurğulayan ideoloji mesaj idi.
Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı
baxımından simvolik əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bəzi
məqamları diqqətə çatdıraraq bildirdi ki, “Bu gün əziz qardaşlarımın - Türkiyə
Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində
iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya
miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün
birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində
səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə
malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün
dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
“Biz
qayıtmalıydıq və qayıtmışıq”, – deyən dövlət başçısı, azad edilmiş torpaqlarda
həyata keçirilən bərpa və quruculuq işlərindən də geniş söz açdı. Artıq Laçın,
Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır – xəstəxanalar,
məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma
yurduna qayıdır. Bu bölgəyə həyat, bu bölgəyə əsl sahib qayıdıb.
Dövlət
başçısı onu da qeyd etdi ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard
dollardan çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə
qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Pakistanın
Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini
çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf
olduğunu bildirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad
etməsini böyük tarixi uğur kimi dəyərləndirdi, şəhidlərin xatirəsini andı, qazilərə
salamlarını çatdırdı, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və
qəhrəmanlıqlara görə təşəkkürünü bildirdi.Laçında keçirilən Zirvə görüşündə
çıxış edən Prezident Rəcəb Tayyib Erdoğan Türkiyənin hər zaman Azərbaycanın
yanında olduğunu vurğulayaraq qeyd etdi ki, “Laçın görüşü Türk dünyasının
gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir”.
Azərbaycan,
Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə
olunur ki, üç qardaş ölkə birgə layihələr, siyasi həmrəylik və iqtisadi tərəfdaşlıqla
yeni bir inteqrasiya mərhələsinə qədəm qoyur.
Yaşasın
Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!
Hökmalı
Mirzəyev,
Yeni
Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədr müavini.
Digər xəbərlər



