Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Mayın
28-də Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi
keçirildi. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı
işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş
torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.
Laçın
Beynəlxalq Hava Limanının açılışından sonra Prezident İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən
Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi
olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki,
kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və
dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub.
Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada
500 nəfərə iş imkanı yaradılacaq.
Dövlət
başçısı İlham Əliyev hər bir çıxışında 30 illik işğal dövrünün reallıqlarından,
Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa
olunmasından, onların regionda və dünya siyasətində yaratdığı reallıqlardan
geniş bəhs edir. Müstəqillik Gününə həsr edilən tədbirdəki çıxışında da diqqəti
Ermənistanın işğalçılıq siyasətinə yönəldərək bildirdi ki, Azərbaycan ərazisinin
təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur
bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır,
qaçqın-köçkün həyatına başlamışdır. Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə,
bu işğalla heç vaxt barışmayıb. Güc topladıq, beynəlxalq müstəvidə daha güclü
mövqelərə sahib olduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi
apardıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü
tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Azərbaycan,
eyni zamanda, güclü iqtisadiyyat qurdu və məhz bunun nəticəsində ordu
quruculuğuna lazımi həcmdə vəsait ayrıldı. Güclü siyasi iradə, güclü
iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.
Dövlət
başçısı İlham Əliyev sözügedən tədbirdə dost, qardaş Türkiyə və Pakistan liderlərinin
iştirakını önə çəkərək onu da vurğuladı ki, üç qardaş ölkə əməkdaşlığı ildən-ilə,
gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman
bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: «Bu gün ikinci üçtərəfli
Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan
azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı
ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının
növbəti təzahürüdür. O da qeyd edildi ki, 30 il ərzində işğal altında qalan
Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük
İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir.
Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu
böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə,
qardaş xalqlara minnətdarıq.
Qeyd
edək ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi, mədəni və etnik bağlar üzərində
qurulmuş, zaman keçdikcə dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlmiş
strateji tərəfdaşlıq nümunəsidir. «Bir millət, iki dövlət» fəlsəfəsi bu münasibətlərin
ideoloji və emosional təməlini təşkil edir. İki ölkə arasında əməkdaşlıq
enerji, nəqliyyat, hərbi, müdafiə sənayesi, mədəniyyət, təhsil və diplomatiya
sahələrini əhatə edir və regional təhlükəsizlik sisteminin formalaşmasında
mühüm rol oynayır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan
ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd
yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi,
iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi.
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərindən
bəhs edərkən bildirir ki, biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə
aparırıq. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc
qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu
inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır:
«Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin
milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim.
Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək
olmalıdır.»
Azərbaycan
və Pakistan arasındakı münasibətlər də yalnız diplomatik əlaqələrdən ibarət
deyil. Bu iki ölkə arasında çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq
mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da
gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri
olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini
dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın
Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən
parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq
baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi.Bu il 28 May-Müstəqillik
Günü tarixə Azərbaycan-Türkiyə-Pakistan dostluğunun daha mühüm səhifəsi kimi
yazılacaq. Belə ki, bu tarixdə Azərbaycan və Türkiyə prezidentlərinin,
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü
keçirildi. Zirvə görüşündəki çıxışında bir daha dost ölkələrlə münasibətlərin
tarixinə qısa nəzər salan dövlət başçısı İlham Əliyev bildirdi ki, ölkələrimiz
və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə
bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında
olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü
və ədalət tərəfində olub. Cənab İlham Əliyev çıxışında bir daha diqqəti Türkiyənin
və Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycana
mənəvi və siyasi dəstəyinə yönəltdi və vurğuladı ki, Azərbaycan da öz növbəsində
daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın
birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi
potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş
imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat,
müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın
birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə
inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə
qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda
konkret investisiya layihələri üzrə işlər gedir.
Bayram
Xudayarov,
Yeni
Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının fəalı.
Digər xəbərlər



