26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Dövlətimizin Gücü, Xalqımızın Qüruru!

Azərbaycan
xalqının dövlətçilik tarixində ordu həmişə milli mübarizənin, müstəqillik
ruhunun və vətənə sədaqətin simvolu olmuşdur. 26 iyun – Azərbaycan Silahlı Qüvvələri
Günü, bu gün təkcə hərbçilərin deyil, bütün xalqın bayramına çevrilmişdir.
Çünki ordu – xalqın özüdür. Ordunun gücü xalqın birliyindən, inamından, Vətən
sevgisindən doğur.
Müstəqil
Azərbaycanın ordu quruculuğu prosesi sadəcə bir struktur formalaşması yox, həm
də tarix, vətəndaşlıq borcu və strateji dövlət siyasətidir.
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi 1918-ci ilə – Azərbaycan
Xalq Cümhuriyyətinə gedib çıxır. Həmin il iyunun 26-da Nazirlər Şurasının qərarı
ilə ölkədə ilk dəfə olaraq milli hərbi hissələrin təşkili başlanıldı. Bu, Azərbaycanın
müstəqil dövlət olaraq təhlükəsizliyini təmin etmək üçün atdığı ən önəmli
addımlardan biri idi. Təəssüf ki, bu addım cəmi 23 ay yaşayan Cümhuriyyətin
süqutundan sonra yarımçıq qaldı.
Lakin
bu qərar tariximizdə ilk dəfə müstəqil hərbi sistemin – milli ordunun hüquqi əsaslarla
yaradılmasını simvolizə edir. 80 ildən sonra bu ənənə müstəqil Azərbaycan
Respublikasında bərpa edildi.
1991-ci
ildə Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi ilə milli təhlükəsizliyin
təminatı məsələsi prioritetə çevrildi. Lakin o dövrdə ölkə ciddi daxili siyasi
böhranlar, bölgələrdə separatizm və Ermənistanın genişmiqyaslı hərbi təcavüzü
ilə üz-üzə qaldı. Silahlı Qüvvələrin formalaşmasında vahid strategiya və liderlik
çatışmırdı. Bu səbəbdən Azərbaycanın müdafiə imkanları zəif idi və işğal təhlükəsi
reallığa çevrilmişdi.
1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər
Əliyev, dövlətin təhlükəsizliyini təmin etmək üçün ordu quruculuğunu milli
prioritet elan etdi. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı hərbi
islahatlar nəticəsində Silahlı Qüvvələrin strukturlaşdırılması, kadr siyasətinin
peşəkarlıq üzərində qurulması, hərbi hissələrin döyüş hazırlığının yüksəldilməsi
və hərbçilərin sosial rifahının təmin olunması istiqamətində mühüm addımlar
atıldı.
Heydər
Əliyev deyirdi: “Müstəqil Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, biz
dövlət olaraq yalnız güclü orduya malik olduqda təhlükəsizliyimizi təmin edə
bilərik.”
Onun
strateji uzaqgörənliyi nəticəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən
güclü və nizamlı hərbi sistemlərindən birinə çevrildi. Həm də bu, təkcə fiziki
güc yox, mənəvi güvən və milli ruhun təntənəsi idi.
1998-ci
il 22 may tarixində Ulu Öndərin imzaladığı fərmanla 26 iyun tarixi Silahlı Qüvvələr
Günü kimi rəsmiləşdirildi. Bu qərar tarixi ədalətin bərpası idi. Həm də bu
bayram bir xalqın orduya inamının, dövlətin öz əsgərinə verdiyi dəyərin təcəssümüdür.
Hər
il bu tarixdə dövlətin ali rəhbərliyi tərəfindən keçirilən tədbirlər, hərbi
paradlar, təltiflər və ictimai çağırışlar Silahlı Qüvvələrin xalqın həyatındakı
əhəmiyyətini bir daha göstərir.
2020-ci
ildə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu öz gücünü, ruhunu və
peşəkarlığını bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında əsgərlərimiz illərlə işğal altında olan torpaqları
qəhrəmancasına azad etdilər. Bu zəfər bir daha sübut etdi ki, Azərbaycan Ordusu
təkcə regionun deyil, qlobal miqyasda sayılıb-seçilən hərbi qüvvəyə
çevrilmişdir.
Prezident
İlham Əliyevin ifadəsi ilə: “Azərbaycan əsgəri döyüş meydanında tarix yazdı. Bu
tarix – qürur tariximizdir.”
Bu
gün Azərbaycan Ordusu NATO standartlarına uyğun silahlanma, müasir
texnologiyalar və yüksək döyüş hazırlığı ilə təchiz olunmuşdur. Ölkədə orduya
ictimai dəstək, gənclər arasında hərbi vətənpərvərlik ruhu yüksələn xətt üzrə
inkişaf edir. Vətənini sevən, onun müdafiəsinə hazır olan bir gənclik yetişir.
Bu isə sabahın təminatı, dövlətin dayanıqlı gələcəyidir.
26
iyun – təkcə bir tarix deyil, milli kimliyimizin, mübarizə tariximizin və qürur
dolu sabahımıza olan inamın günüdür. Azərbaycan Ordusu bu xalqın ürəyindən
doğub, torpağının qüruruna çevrilib. Biz bu gün Silahlı Qüvvələrimizin yanında
dayanmaqla həm də dövlətçiliyimizi, azadlığımızı və gələcəyimizi qoruyuruq.
Yaşasın
Azərbaycan əsgəri!
Yaşasın
Azərbaycan Ordusu!
Yaşasın
Müstəqil Azərbaycan!
Dövran Həsənov,
YAP Hacıqabul rayon təşkilatının ərazi
partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



