Azərbaycan Milli Ordusunun yarandığı gün.

26
İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olaraq dövlət səviyyəsində
xüsusi qeyd olunur. 2020-ci il 44 günlük Vətən Müharibəsində Zəfər qazanan
Şanlı Ordumuz və xalqımız bu günü xüsusi sevinclə qeyd edir. Hər gün vətən
torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük təkcə ərazicə
yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü
büruzə verir. Biz sanki hər gün işğaldan azad olunan Vətən torpağı kimi bir
qarış böyüyürük, mətinləşirik. Bu gün mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycandır.
Çünki, son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı
Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikasıdır, müstəqilliyimizdir, ərazi
bütövlüyümüzdür. Biz bu gün həmin hücumların daha qabarıq formada təzahürlərini
görürük. Bu vəziyyətdə kimin dost, kimin düşmən olduğunu daha aydın başa
düşürük.
Eyni
zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü
siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş
etdiririk. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan
hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş
torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən
valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımızın bütün gücü
Qarabağ uğrunda mübarizədə səfərbərdir. İndi Qarabağ uğrunda döyüşən əsgərlərimizin
böyük əksəriyyəti heç Qarabağı görməyiblər. Onlar anadan olanda artıq mənfur
işğal planları reallaşmışdı, bu gənclər Qarabağı yalnız kitablardan,
qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından
tanıyırlar. Lakin, onlar cəbhədə böyük ürəklə və böyük inamla döyüşürlər. Bu
gün bölgəsindən, milliyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının
ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq
ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri
və xalqları bir amal ətrafında sıx birləşdirib. Bu günlərin hər saatı, hər dəqiqəsi
bir dastandır.
Biz
Qarabağa gənclərin alovlu vətən sevgisi ilə qayıdırıq. Son 30 ildə Dağlıq
Qarabağın və onun ətrafında olan rayonlarımızın işğalı cəmiyyətimizin ən ağrılı
problemi olub. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngidib.
Lakin Qarabağ problemi bizi daha da mətinləşdirib, hər birimiz qəlbimizdə
Qarabağa bir heykəl ucaltmışıq. Əslində, bu milli özünüdərk, milli oyanış
prosesində olduqca mühüm bir mərhələ idi. Biz tarixən itirdiklərimizə – həm ərazi
baxımından, həm sərvətlər baxımından, həm maddi-mədəniyyət baxımından – bir
daha, daha obyektiv şəkildə baxmağa başladıq. Ən azı, XVI əsrdən bu yana – Azərbaycan
Səfəvilər dövlətindən indiyədək itirdiklərimizi, İrəvanımızı, Zəngəzurumuzu düşündük.
Qarabağ itkisi bizi silkələdi. Bu gedişlə daha hansı ərazilərimizi itirə biləcəyimizi,
əhalimizin hansı vəziyyətə düşəcəyini düşündük. Torpağımızı, xalqımızı, çoxmillətli
Azərbaycanı qoruduq, milli-mənəvi dəyərlərimizə sahib çıxdıq.
Maya
Qənbərova,
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



