Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin əsas dayağıdır.

2025-06-24 Baxış: 81
img

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuşdur. Tarixi irsə sadiqliyi həmişə öndə tutan Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günü – 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etmişdir və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Güclü ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “GlobalFirePower” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Güclü ordu hərbi sənaye kompleksi olmadan uzun müddət mövcud ola bilməz. Buna görə də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Əsası Ulu Öndər tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən ordu quruculuğu həyatda öz bəhrəsini verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Güclü ordu quruculuğu isə davam edir və daha yüksək səviyyəyə çatır.

Səfərova Pərvanə,

YAP fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.