Azərbaycan Ordusu yüksək hazırlıqlıdır!

Güclü Ordumuz Azərbaycan dövlətinin əsas atributlarından biridir.
Müstəqil
Azərbaycan dövləti yarandıqdan sonra sonra ilk görülən mühüm işlərdən biri ordu
quruculuğu olub. 1993-cü ilə qədər, bütün sahələrdə olduğu kimi, ordu
quruculuğu məsələlərinə də ciddi yanaşılmırdı. Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra ordu quruculuğuna xüsusi diqqət yetirilib. Həmin
dövrdən etibarən ordu təsadüfi insanlardan təmizləndi, peşəkar hərbçilərdən
ibarət strukturun yaradılmasına başlandı, Silahlı Qüvvələrimizdə nizam-intizam
yarandı. Eyni zamanda, insanlarda hərbi vətənpərvərlik hissləri gücləndi və hər
bir gəncin orduda xidmət etməsi şərəf məsələsinə çevrildi. Ölkəmizin iqtisadi
qüdrəti artdıqca orduya ayrılan vəsait də artırılır. Bu gün Azərbaycanın büdcədə
ayırdığı müdafiə xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan
Silahlı Qüvvələri regionun ən hazırlıqlı və ən müasir silahlarla təchiz edilmiş
bir strukturudur.
Azərbaycan
Ordusu Vətənin keşiyində çox mətanətlə durur və torpaqlarımızın işğaldan azad
edilməsi məsələsində əmrləri yerinə yetirməyə hazırdır. Bu gün hazırlıqlı zabit
heyəti, öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan əsgər heyəti Vətənin keşiyində
layiqincə dayanırlar. Birmənalı demək olar ki, Azərbaycan Ordusu dövlətçiliyin
keşiyində duran vacib dövlət strukturudur və cəmiyyətlə ordunun birliyi dövlətin
varlığının əsasını təşkil edir.Bizim ordumuzun yaranması və müasir tələblər səviyyəsində
formalaşması, ağır, mürəkkəb və keşməkeşli yollardan keçib. Erməni təcavüzü,
daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə
xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğalına şərait yaradır, digər tərəfdən
ordumuzun yaranmasına mane olurdu. Ulu Öndərin titanik fəaliyyəti nəticəsində
güclü Azərbaycan Ordusu yaradılmağa başlandı. Ordu quruculuğunun elmi-təcrübi əsaslar
üzərində aparılması, vahid komandanlıq prinsiplərinin həyata keçirilməsi
Qarabağ bölgəsində gedən döyüş əməliyyatlarına öz müsbət təsirini göstərdi.
1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyev radio və televiziya ilə xalqa
müraciət etdi. Bu müraciət bütünlüklə Azərbaycanın düşdüyü ictimai-siyasi və hərbi
böhranın təhlilinə və ondan çıxış yollarına həsr edilmişdi. Bu çıxışdan sonra
xalqımızın çoxdan arzuladığı birliyin, həmrəyliyin əsası qoyuldu. Hamı bir nəfər
kimi ölkəni dəhşətli təhlükədən çıxarmaq üçün Heydər Əliyevin ətrafında birləşməyə
başladı. Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi,
ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi qısa müddətdən
sonra öz səmərəsini verdi. Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından
təşvişə düşən və gücümüzün artmasını hiss edən düşmən 1994-cü il mayın 12-də atəşkəs
haqqında müqaviləni imzaladı.
Sonrakı
dövrlərdə ordumuzun daha da möhkəmləndirilməsi sahəsində bir çox mühüm tədbirlər
həyata keçirildi. Bu tədbirlər nəticəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilib,
hərbi hissələrdə intizam möhkəmlənib, qanun-qaydalara tam riayət olunması təmin
edilib. Bütün bunlar orduya gələn gənclərin peşəkar hərbi qulluqçu kimi
hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaradıb.
Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının
artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə
ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri
hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş
tapşırığını yerinə yetirməyə qadirdir. Məlumdur ki, hər bir ordunun gücü - onun
döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində,
eləcə də, orduda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hazırlanmış və
elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik
konsepsiyası mövcuddur. İstər sülh, istərsə də, müharibə dövründə hərbi
qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin
möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi
bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.
Ordu
quruculuğu başlayarkən Azərbaycan Silahlı Qüvvələrinin müasir NATO
standartlarına uyğun olaraq yenidən qurulacağı tam aydın idi. Çünki bunun üçün
yetərli potensial mövcud idi. Eyni zamanda, Azərbaycanda ali hərbi məktəblər
sisteminin yaradılması, onun tədris prosesinin NATO və dost Türkiyə dövlətinin
hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini tədricən
verməkdədir. Azərbaycan zabitlərinin böyük bir hissəsi vaxtaşırı xarici ölkələrdə
ixtisasartırma kurslarına göndərilir. NATO-nun Qərargah Hərbi Təlimləri üzrə
keçirilən seminarlarda Azərbaycan generalları və zabitləri də iştirak edirlər.
Azərbaycanda aşağı və orta təbəqə komandirlərinin hazırlığı üçün NATO standartlarına
uyğun təlim - tədris mərkəzləri yaradılmağa başlandı. Bu isə hərbi qulluğa məsuliyyətlə
yanaşan, hazırlığı kifayət qədər yüksək olan aşağı təbəqə komandir heyətinin
peşəkarlıq səviyyəsinin daha da yüksəlməsinə zəmin yaratdı. Azərbaycan Ordusu ən
müasir silahlarla silahlanıb. Ordumuzun şəxsi heyəti üçün həmin silahlardan
istifadə edilməsi təlimi həm ölkə daxilində, həm də ölkəmizdən kənarda
keçirilir.
Bu
gün hər bir Azərbaycan gənci üçün orduda xidmət etmək fəxrdir. 2008-ci ildə Azərbaycan
Ordusunun yaradılmasının 90 illiyi ilə bağlı keçirilən hərbi parad bütün
dünyaya səs saldı və bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin
dəyişməsinə səbəb oldu. Eyni təəssürat ötən il Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın bütün Silahlı Qüvvələrinin birgə böyük miqyaslı təlimində
də yarandı. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordunun
inkişafı baxımından yeni mərhələnin əsasını qoydu. Azərbaycan artıq öz
silahlarını istehsal edir. Bu silahları həm daxili tələbata yönəldə bilir, həm
də bu silahlar dünya bazarlarına çıxarılır.
Bəxtiyar
Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının Ərazi partiya təşkilat (ƏPT) sədri
Digər xəbərlər



