26 İyun müstəqil Azərbaycanın güc rəmzi olan Silahlı Qüvvələrinin rəsmi yaranma günüdür.

2025-06-24 Baxış: 164
img

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi başlandı. 1972-ci ildən başlayaraq, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ali hərbi məktəblərinə göndərilirdi. Eyni zamanda, böyük çətinliklər hesabına Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Amma bu təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül silahlarla Şuşanın sıldırım qayalarını aşan Azərbaycan Ordusuna məhz, Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək.

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və bu tarixdən etibarən hər il dövlət səviyyəsində qeyd olunmağa başlandı. Ulu Öndər ordunun yaranması, onun möhkəmləndirilməsi və xalqla birliyini əsas vəzifə kimi dəyərləndirirdi. O qeyd edirdi:“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da güclü edir.” 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində əhəmiyyətli islahatlar həyata keçirildi. Orduya peşəkar kadrların cəlb olunması, müasir texnikanın alınması, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi prioritet istiqamətlərə çevrildi. Heydər Əliyev deyirdi: “Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək istəyirik.

Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.” Müstəqil Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə sülhsevər mövqeyi ilə seçilməklə yanaşı, regional və qlobal təhlükəsizliyin təmin olunmasına yönəlmiş hərbi əməkdaşlıq siyasəti həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna hər zaman xüsusi önəm verib. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu regionda ən güclü və müasir ordulardan birinə çevrilmişdir. Prezident İlham Əliyev deyir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.”O, dəfələrlə qeyd edib ki, ordu yalnız hərbi güc vasitəsi deyil, eyni zamanda dövlətin müstəqilliyinin və suverenliyinin təminatıdır. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Ordusu peşəkar və intizamlı hərbi heyətlə təmin olunmuş,müasir hərbi texnika ilə təchiz edilmişdir.Regional və beynəlxalq miqyasda tanınan güc mərkəzinə çevrilmişdir.

 

Aidə Hüseynova,

YAP fəalı, Hacıqabul şəhər 5 saylı tam orta məktəbin direktor müavini.