Azərbaycan Ordusu dövlətin və millətin güvənc yerinə çevrilib

Bu
gün Azərbaycan Ordusu Qafqazda ən müasir və qüdrətli Silahlı Qüvvə hesab
olunur. Azərbaycan Ordusunun yaranmasında və nizami, peşəkar orduya çevrilməsində
Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Belə ki, dövlət müstəqilliyi
bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa
etmək üçün Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gəldi. Ulu Öndərin növbəti dəfə siyasi hakimiyyətə qayıdışından
sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Məhz Onun 1998-ci il
22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün
– 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər
il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan
Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə
1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman
imzalayıb. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Preziden cənab
İlham Əliyev də ordu quruculuğunu siyasi fəaliyyətinin prioriteti məsələsi
hesab edirdi. Otuz ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün
pozulması və Ermənistanın işğalçılıq siyasətinin dünyada tanıdılması istiqamətində
uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il
sentyabrın 27-də əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində
düşmən üzərində tarixi Qələbə çalaraq möhtəşəm nailiyyətə imza atdı.
Hərbçilərimiz
ötən dövrlərdə NATO, xüsusilə də qardaş Türkiyə ordusu ilə birgə hərbi
təlimlərdə iştirak edərək ən müasir hərbi döyüş vərdişlərinə sahib oldular.
Eyni zamanda, ölkəmizin müdafiə sənayesi gücləndirildi.
Cənab
Prezident İlham Əliyev hakimiyyəti illərində Azərbaycan Ordusunu elə bir
sarsılmaz gücə çevirdi, nəticədə 30 ilə yaxın işğalda qalan
torpaqlarımız azad olundu, ərəzi bütövlüyümüə və suverenliyimiz bərpa edildi.
Xüsusilə Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki, Azərbaycan
regionda ən güclü orduya malikdir. 44 günlük Vətən müharibəsində işğal
altındakı 8 rayonumuzu, bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə
bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu
daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir
ki, ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah
və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli
antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq
qaldıraraq təslim olduğunu elan etdi. 23 saat 43 dəqiqəyə minlərlə
kvadrat kilometr ərazi də işğalçılardan təmizləndi.
Qürurverici
haldır ki, postmüharibə dövründə də ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə
çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər
tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin
edir. Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya
edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər
salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi
heyətin döyüş hazırlığının və qabiliyyətinin daim yüksək səviyyədə
saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və
idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi
təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş
sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin
əsas prioritetlərindəndir.
Müzəffər
Ali Baş Komandanımızın önəmli göstərişlərindən biri də müasir Komando hərbi
hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunub. Belə
ki, hazırda işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında
Komando briqadaları yaradılıb. Sözügedən briqadaların yaradılması
ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən
uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando
briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən
ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar
günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində
hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu
briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid
informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa
qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri
ermənilərin qorxulu röyasına çevrilib.
Prezident
İlham Əliyevin də 2023-cü ildə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100
illiyi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, biz ordu quruculuğu işində
sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk: «İkinci Qarabağ müharibəsindən
sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Biz daim hazır olmalıyıq. Təhdidlər
artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu
gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır -
həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb,
bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu
bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir».
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



