"8 Noyabr" stansiyası enerji ixracının artırılmasında mühüm rol oynayacaq

Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan
enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar
enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə,
ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət
edir. Bu mühüm layihə Azərbaycanın enerji tarixində qızıl hərflərlə yazılaraq,
ölkənin qüdrətini və dövlətçilik iradəsini bir daha təsdiqləyir. Azərbaycanın
yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar
sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynamağa davam edəcək. Bu gün ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf
deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji
model kimi nümunə göstərilir. Təbii ki, bu uğurlarımızın təməlində düşünülmüş və
gələcəyə hesablanmış enerji siyasətimizin nəticəsidir. Azərbaycanın bərpaolunan
enerji sektorunda əldə etdiyi nailiyyətlərin əsasında güclü dövlət dəstəyi və
çevik iqtisadi-siyasi strategiya dayanır.
İyunun
24-də Prezident İlham Əliyev «8 Noyabr» Elektrik Stansiyasının açılışı mərasimində
bir daha bu reallığı xüsusi vurğuladı ki, bu layihənin qısa zamanda reallığa
çevrilməsinə energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı,
bilikləri, təcrübələri və beynəlxalq tərəfdaşlarımızın töhfəsi şərait
yaratdı.
Ölkəmizin
başçıs çıxışlarında bu reallığı xüsusi qeyd edir ki, bu gün Azərbaycan nəinki
öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii
qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan
enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu,
onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində
ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni
ekoloji təmiz sektoru yaranacaq.
Ölkəmizin
başçısı Azərbaycanın enerji təhdükəsizliyində yeni səhifə kimi dəyərləndirilən
« 8 Noyabr» Elektrik Stansiyasının açılışı mərasimindəki çıxışında diqqəti bu məqamlara
yönəldərək bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən
ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı
olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır.
Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir.
Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın
coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.
Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini
təmin edir: «Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən
həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara
veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də
ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da
artacaq, - halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir, - və Azərbaycan
bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.»
Açılışı
reallaşan və 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa
edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji
tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki,
bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də
ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Prezident İlham
Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə
rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin
hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki
həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin
iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo
Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC
Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr
potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli
göstəricidir.
Sözügedən
açılış mərasimindəki çıxışında cənab İlham Əliyev onu da qeyd etdi ki, “8
Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək.
Enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz
artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə,
bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı
bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər
biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



