Enerji təhlükəsizliyi – milli təhlükəsizliyin ayrılmaz hissəsidir

2025-06-30 Baxış: 35
img

İyunun 24-də Prezident İlham Əliyev Mingəçevirdə ölkəmizin ən müasir və güclü enerji obyektlərindən biri olan “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib. Bu mühüm tədbirdə çıxış edən dövlət başçısı bir sıra önəmli məqamlara toxunaraq layihənin əhəmiyyəti, beynəlxalq tərəfdaşlıqlar və enerji təhlükəsizliyi məsələlərinə geniş yer ayırıb.

Prezident İlham Əliyev açılış nitqində stansiyanın tikintisində iştirak edən xarici şirkətlərin fəaliyyətini yüksək qiymətləndirdi. O bildirdi ki, İtaliya və Çin şirkətləri ilə bu layihədəki əməkdaşlıq Azərbaycanın beynəlxalq tərəfdaşlarla qurduğu etibarlı münasibətlərin göstəricisidir. Bu əlaqələr təkcə texnologiya və investisiya baxımından deyil, həm də uzunmüddətli dostluq və qarşılıqlı inam əsasında formalaşıb.

Yeni stansiyanın istismara verilməsi ölkəmiz üçün çoxşaxəli əhəmiyyət daşıyır. Prezident çıxışında vurğuladı ki, bu layihə təkcə elektrik enerjisinin istehsalını artırmaqla kifayətlənmir, eyni zamanda enerji sistemində itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə və ekologiyanın qorunmasına da xidmət edir.

Stansiyanın fəaliyyəti regionda yeni iş yerlərinin yaranmasına, iqtisadi fəallığın artmasına və insanların sosial rifahının yaxşılaşmasına da səbəb olacaq. Bu baxımdan “8 Noyabr” stansiyası sadəcə enerji obyektindən daha artığını ifadə edir – o, inkişafın və gələcəyə inamın simvoludur.

Prezident İlham Əliyev qeyd etdi ki, enerji sahəsi yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycanın enerji siyasəti hər zaman müstəqillik və dayanıqlılıq prinsiplərinə əsaslanıb. Yeni stansiya bu prinsipin davamı kimi ölkənin enerji ehtiyaclarının daxili resurslar hesabına qarşılanmasına şərait yaradacaq.

Sonda dövlət başçısı stansiyanın “8 Noyabr – Zəfər Günü” adını daşımasının rəmzi məna daşıdığını vurğuladı. Bu, həm xalqımızın mübarizə ruhunu, həm də ölkəmizin gələcəyə güclü və qətiyyətli addımlarla irəlilədiyini göstərir.

Yeni stansiyanın istifadəyə verilməsi bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, quruculuq və inkişaf siyasəti ölkəmizin hər sahədə uğurlu gələcəyini təmin edir.

 

Aytən İmanova,

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı.