"8 Noyabr" Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək.

2025-06-30 Baxış: 58
img

Prezident İlham Əliyev Mingəçevirdə yeni enerji nəhənginin - 1880 meqavatlıq elektrik stansiyasının açılışını etdi. Təməli 2023-cü il fevralın 13-də qoyulan, tikintisi qısa müddətdə başa çatan bu stansiyanın istifadəyə verilməsi bir daha ölkəmizin iqtisadi gücünü, energetika sahəsindəki zəngin təcrübəsini, eləcə də bu sahədə çalışan mütəxəssislərimizin səriştəsini göstərir.Yeni stansiya üçün təklif olunan adlar sırasında Prezidentimiz məhz "8 Noyabr"ı seçib. "Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır".8 Noyabr Zəfəri ilə tamamlanan 44 günlük Vətən müharibəsini xatırlayaq. Düşmən bütün qayda-qanunları pozaraq yaşayış məntəqələrimizi atəşə tutub dinc əhaliyə qarşı soyqırımı törədir, eləcə də strateji infrastruktur obyektlərinə raket tuşlayırdı. Zərbəyə məruz qoymaq istədiyi belə yerlərdən biri də məhz Mingəçevirin enerji, işıq mənbəyi olan müəssisələri idi. Əlbəttə, vandallar öz mənfur niyyələrinə çatmadılar və bu gün bütün dünya görür ki, bizim işığımız daha gur yanır.Yeni stansiya Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirir. Hazırda ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu bu şəhərdə istehsal olunur.1974-cü ildə burada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə "Azərbaycan" İstilik-Elektrik Stansiyasının təməli qoyulmuş və 1981-ci ildə stansiyanın birinci bloku istismara verilmişdir. Daha sonra digər bloklar da istismara daxil olmuşdur. Lakin müstəqilliyin ilk illərində ölkəmizdə enerji qıtlığı yarandı. İnsanlar elektrik enerjisini nəinki kənddə, hətta böyük şəhərlərdə də fasilə ilə alırdı.

"Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi... Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik. 2018-ci ildə "Azərbaycan" İstilik-Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda "Azərbaycan" Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, "8 Noyabr" Stansiyasının gücü 1880 meqavatdır, Su-Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir", - deyə Prezident İlham Əliyev ölkəmizin elektrik enerjisi sekrorunun son oniliklər tarixini bir daha xatırlatdı.

"8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi həm də Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və təfəfdaşlıq platformasının daha bir təsdiqidir. Belə ki, bu önəmli layihə İtaliya və Çin şirkətləri ilə birlikdə araya-ərsəyə gəlib. Stansiyanın açılışında sözügedən bu iki ölkənin strateji tərəfdaşlarımız olduğu qeyd edildi. Strateji tərəfdaşlıq haqqında hər biri ilə iki bəyannamə imzalanıb. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız sırasında qabaqcıl yerlərdən birini tutur. İtaliya ilə xüsusilə son illər energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli strateji əməkdaşlıq genişlənib. Çinlə isə daha çox bərpaolunan enerji layihələrinin birgə icra olunmasına başlanıb.

Məlumdur ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Avropa İttifaqı ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onlardan da 10-u Avropa ölkəsidir . İndi Azərbaycan təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elekrik enerjisinin ixracatçısıdır. "Yaşıl enerji" layihələrimiz gerçəkləşdikdən sonra kabellər vasitəsilə bu növ enerji də ixrac olunacaq."8 Noyabr" stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Məsələn, ölkəmizin enerji sisteminin səmərəliliyi, generasiya gücü artacaq, eyni zamanda şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, təbii qaza qənaət etmək imkanı yaranacaq. Daxildə nə qədər təbii qaza qənaət edilsə, ixrac imkanlarımız bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması ölkəmizə əlavə qazanc gətirəcək.

 

 

                        İsmayıl Salmanov,

                        YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi.