Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

Oktyabrın
7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü keçirildi. Təsadüfi
deyil ki, bu görüş üçün məhz Qəbələ seçildi: tarixən Qafqazın strateji qapısı
sayılan bu şəhər bu dəfə türklərin birliyinin rəmzinə çevrildi.
Bu
Zirvə sadəcə diplomatik protokol deyil, həm də siyasi məna daşıyan bir mesaj
idi: türk dövlətləri artıq mədəni və dil birliyindən çıxaraq, real iqtisadi,
siyasi və təhlükəsizlik sisteminə çevrilmək yolundadır.
Bir
zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. Lakin bu
gün bu birlik artıq iqtisadi reallıqlarla ölçülür. Orta Dəhliz layihəsi,
Zəngəzur koridoru, enerji və nəqliyyat xəttlərinin inteqrasiyası, birgə ticarət
platformalarının yaradılması TDT-ni simvolik təşkilatdan strateji güc mərkəzinə
çevirib.
Bu
Zirvə Qəbələdə göstərdi ki, təşkilatın mahiyyəti artıq “qardaşlıq”dan ibarət
deyil – burada “ortaq maraqlar” və “ortaq gələcək” anlayışları formalaşır. Türk
dünyası yalnız bir bayraq altında deyil, həm də bir iqtisadi məntiq ətrafında
toplanır.
Prezident
İlham Əliyevin Zirvədəki çıxışı türk birliyinin gələcək yol xəritəsini
müəyyənləşdirdi. O, açıq şəkildə bildirdi ki, Türk Dövlətləri Təşkilatı
regionda sülhün, əməkdaşlığın və sabitliyin əsas dayaqlarından birinə çevrilib.
Azərbaycanın Qarabağ zəfərindən sonra türk coğrafiyasındakı nüfuzu təkcə hərbi
yox, həm də siyasi reallığa çevrilib.
12-ci
Zirvə Görüşündə çıxış edən ölkə başçısı bildirdi ki, bu gün Türk Dövlətləri
Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən
biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması
məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi
dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
“Ölkələrimiz
arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə
alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı
bildirdi.
Öz
çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir
ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44
günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror
tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu.
Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində
suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli
iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə
ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.
Bu gün
Bakı artıq “birləşdirən mərkəz” funksiyasını daşıyır: enerji resurslarından
kommunikasiya dəhlizlərinə, mədəni platformalardan humanitar layihələrə qədər
hər sahədə Azərbaycan türk dünyasının əlaqə nöqtəsidir.
Nəticə
etibarilə, Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni yaxınlığın simvolu
deyil, konkret maraqlara əsaslanan və real təsir gücü formalaşdıran siyasi
platformadır. Bu platforma Türk dünyasını vahid strateji xəttə cəmləyir,
iqtisadi, hərbi və ideoloji koordinasiyanı möhkəmləndirir. TDT-nin inkişafı ilə
Avrasiyada yeni güc balansı formalaşır və bu, təkcə Türk xalqları üçün deyil,
bütün region üçün yeni siyasi reallığın başlanğıcı deməkdir.
Qəbələdə
keçirilən Zirvə göstərdi ki, TDT artıq bir mədəni forumdan daha böyük bir amilə
çevrilib. Burada qərarlar, sənədlər və bəyanatlar təkcə yazılı mətn deyil —
türk dünyasının gələcəyinin planıdır.
Türkiyə,
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və
Şimali Kipr Türk Cümhuriyyəti kimi üzvlərin və müşahidəçilərin bir masa
arxasında əyləşməsi, əslində, Avrasiya coğrafiyasında yeni bir siyasi xəritənin
çəkildiyini göstərir.
Qəbələ
Zirvəsi bir daha sübut etdi ki, türk birliyi artıq xəyal deyil — bu, XXI əsrin
geosiyasi reallığıdır. Bu birlik enerji və nəqliyyat xətlərinin, iqtisadi
əməkdaşlığın, ortaq mədəniyyətin və qarşılıqlı hörmətin üzərində qurulub.
TDT-nin
gücü ondadır ki, o, keçmiş romantizmi bugünkü praqmatizmə çevirə bilib.
Qəbələdə səslənən hər çıxış, hər razılaşma bir məqsədə xidmət edir – Türk
dünyasının səsini daha aydın, daha güclü və daha müstəqil etmək!
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



