Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir.

Oktyabrın 7-də Qəbələ şəhərində
“Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT)
XII Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşü çərçivəsində Türk Dövlətləri
Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət
başçıları bir araya gələrək, ötən il Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən
Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündən ötən dövr
ərzində Türk dünyasının birliyi istiqamətində atılan addımları, təşkilatın
beynəlxalq nüfuzunun artırılmasına yönələn səyləri, əldə olunmuş nailiyyətləri
müzakirə etdi və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər. Zirvə
Görüşünün sonunda qəbul olunan Bəyannamə Türk Dövlətləri Təşkilatının
siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirdi.
Təbii ki, keçirilən hər bir Zirvə
Görüşü ötən dövrün təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan qeyd
edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi
Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli
xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə
söykənir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub.
Sonradan Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul edilib. Macarıstan,
Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi üzv qəbul ediliblər.
Təşkilatın XII Zirvə Görüşü artıq
tarixə yazıldı. Qəbələ şəhərindən Türk dünyasının birliyinin dünyaya
çatdırılması bir daha bu həmrəyliyin gücləndirilməsinin Azərbaycanın xarici
siyasətində prioritet olduğunu təsdiqlədi. Zirvə Görüşündə çıxışını
“Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş
coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın
VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi” fikirləri ilə
başlayan dövlətimizin başçısı İlham Əliyev tədbirin məhz bu məkanda
keçirilməsini şərtləndirən amilləri diqqətə çatdırdı”.
Təşkilatın digər üzvləri də
Azərbaycanın bu birlikdə lokomotiv funksiyasını yerinə yetirdiyini
təsdiqləyirlər. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir,
yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində,
idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri Türk
Dövlətləri Təşkilatının inkişaf strategiyasının əsas istiqamətlərini
müəyyənləşdirir. Məhz bu təşəbbüslər nəticəsində təşkilat formal birlikdən real
təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Ötən ilin iyulunda Şuşada
keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi
Azərbaycanın ideoloji liderlik missiyasını və Türk Dövlətləri Təşkilatının
vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident İlham
Əliyev həmin Zirvə Görüşündə bildirdi ki, Türk Dövlətləri Təşkilatı
dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının
inkişafı əsri olmalıdır. Bu çağırış türk dövlətlərinin qarşısında yalnız
regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu. Ötən ilin
noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında
Budapeştdə qeyri-rəsmi Zirvə Görüşü də təşkilatın inkişafına mühüm töhfə
oldu
Dövlət başçısı İlham Əliyevin Qəbələ
Zirvə Görüşündə çıxışı Azərbaycanın Türk dünyasının birliyinə verdiyi
töhfələrin, təşkilatın gələcəyi ilə bağlı müəyyənləşdirilən hədəflərin
təqdimatı oldu. Cənab İlham Əliyev bildirdi ki, bu gün Türk Dövlətləri
Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən
biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması
məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi
dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Prezident İlham Əliyev tranzit
imkanlarının da ölkələrimiz arasında yeni körpülərin qurulmasında əhəmiyyətli
rol oynadığını diqqətə çatdırıb: “Nəqliyyat və kommunikasiya əlaqələri
Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk
dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə
potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin
icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında
coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Xəzərin ən böyük ticarət donanması,
yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı,
Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük
yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat
mərkəzlərindən birinə çevirib. Vaşinqton Zirvəsinin mühüm nəticələrindən
biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də
Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut
kimi mühüm əhəmiyyət kəsb edir”.
Şəfəq
Balaşova,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədri
Digər xəbərlər



