TDT-nin artan hərbi- siyasi gücü bu qurumu qlobal arenada vacib aktora çevirib.

2025-10-09 Baxış: 37
img

Prezident İlham Əliyevin xarici siyasətin əsas istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatını (TDT) daim gücləndirmək, eyni zamanda,  quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf etdirməkdir. Ölkəmizin başçısı çıxışlarında bu barədə bildirib: «TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur».

Son 20 ilə nəzər yetirsək aydın görmək olur ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib.  Belə ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri  ildən ilə daha da möhkəmlənməkdə davam edir.

2025-ci ilin oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının «Regional sülh və təhlükəsizlik» mövzusunda 12-ci Zirvə Görüşünə ev sahibliyi edib. Bu ali tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər. 

Sözügedən Zirvə görüşü təbii ki, Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edilən tarixi hadisəsidir. Bu tədbir çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirmiş, əldə olunmuş nailiyyətləri müzakirə edərək gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmişlər. Mötəbər Zirvə toplantısı çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirak edən dövlət başçıları ilə ikitərəfli görüşləri, həmçinin rəsmi proqram üzrə TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı reallaşıb.

12-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti  bildirmişdir ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Burada o da bildirilib ki, Azərbaycan təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb.

TDT-nin rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də artıq ənənə halını alıb.  Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüş əhəmiyyətli nəticələrlə yadda qalıb.

Ölkəmizin başçısı Zirvə Görüşündə bildirib ki,  beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə TDT- yə üv ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib: «Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm».

Müzəffər Ali Baş Komandanımız Qarabağ və Şərqi Zəngəzurun bərpasına qardaş ölkələrin dəstəyini qeyd edərək öz təşəkkürünü bildirib: «Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq».

Zirvənin toplantısının sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçdi, bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olmuşdur. Bir sözlə, son on illiklərdə TDT-nin artan hərbi- siyasi gücü təşkilatı  qlobal arenada vacib aktora çevirməkdədir.

 

 

İsmayıl İbrahimov,

YAP Hacıqabul rayon təşkilatının sədri.