Laçın — azadlıqdan mədəniyyətə doğru

2025-10-14 Baxış: 7
img

Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm çıxışla çıxış edib. Dövlətimizin başçısı Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrdən, həmçinin ölkəmizin mədəni diplomatiya sahəsindəki uğurlarından bəhs edib.

Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulayıb ki, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ölkəmiz üçün böyük qürur mənbəyidir:

“Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu qərar həm Laçının bərpasına, həm də bölgədə sülh və əməkdaşlığın güclənməsinə töhfə verir.”

Prezident İlham Əliyev çıxışında Laçın şəhərinin simvolik əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, Laçın Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvoludur. Bu şəhərin mədəniyyət paytaxtı elan olunması yalnız mədəni hadisə deyil, həm də Azərbaycan xalqının iradəsinin və yenidənqurma ruhunun göstəricisidir.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan MDB məkanında əməkdaşlığın iqtisadi, humanitar və mədəni istiqamətlərdə daha da dərinləşməsində maraqlıdır. O, regionda sabitliyin və inkişafın təmin olunması üçün qarşılıqlı hörmət, suverenliyə sadiqlik və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinin vacibliyini vurğulayıb.

İlham Əliyev xatırladıb ki, işğaldan azad edilmiş Laçında sürətli bərpa və quruculuq işləri aparılır. Yeni yollar, məktəblər, mədəniyyət ocaqları və sosial infrastruktur obyektləri inşa olunur.

MDB çərçivəsində Laçının mədəniyyət paytaxtı elan olunması bu dirçəliş prosesinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Düşənbədə keçirilən bu sammit Prezident İlham Əliyevin regionda sülh, əməkdaşlıq və mədəni həmrəyliyin təşviqinə yönəlmiş siyasətinin növbəti nümunəsi oldu. Laçının MDB mədəniyyət paytaxtı statusu isə Azərbaycanın mədəni diplomatiya sahəsində qazandığı növbəti mühüm uğurdur.

 

 

            Aytən İmanova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.