17 Oktyabr – Füzuli Şəhəri Günüdür.

Vətən müharibəsinin 21-ci günü –
2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin
erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının
2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan
azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Füzuli şəhəri və rayonun böyük bir
hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal
olunmuşdu. Sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi
əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış
məntəqəsini işğaldan azad etdi.
27 ildən sonra Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində
yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi.
Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də
xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla
davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri
işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi,
Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri.
Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ
Azərbaycandır!”
Müharibənin ilk günündə Füzuli
istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə
Böyükmərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi
düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan
silahlı qüvvələri geriyə çəkilməyə başladılar. Düşmənin keçilməz “Ohanyan
səddi” adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti
sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və
planlı olaraq aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən
kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və
nəticədə düşmənin məhv edilməsi bizi qələbəyə yaxınlaşdırırdı.
Ermənistan silahlı qüvvələrinin ən çox
möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və
düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər,
düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad
olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər
yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl
rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli
rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən
təmizləndi.
2020-ci il oktyabrın 16-dan 17-nə keçən
gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatmışdı.
Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planının sonuncusunu da uğurla
yekunlaşdırdılar – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli,
Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Uğurlu əməliyyat
nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət
kimi götürüldü. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
Azərbaycan Ordusunun qazandığı Füzuli Zəfəri hərb tariximizə qızıl hərflərlə
yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində
şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Bu
müqəddəs amal uğrunda canlarını fəda edənlər şəhidlərimiz, qazilərimiz oldu.
Məhz onların sayəsində bu gün Qarabağımız azaddır, yenidən qurulur.
Beləliklə, onların qanı yerdə qalmadı
və 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızda üçrəngli bayrağımız
dalğalandı.
Füzuli rayonunun azad olunmasında
iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək
qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş
Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına
görə” medalı ilə təltif olunub.
Bu gün işğaldan azad olunmuş Füzulidə
də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən
qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın
yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini
yaşayırlar.
2021-ci il yanvarın 14-də təməli atılan
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz
aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı
dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır.
Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu
aeroportdan istifadə edirlər.
Qeyd edək ki, Füzuli azad edilmiş
rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur –
burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən
əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin
başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli
rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.
Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə
Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz
qəsəbəsində olduğu kimi, azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək.
Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr
tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində
əbədi qalacaq.
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
“Neftechala Operating Company Ltd”
şirkətinin əməkdaşı
Digər xəbərlər



