Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir.

2025-10-21 Baxış: 54
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibə verib. Ölkə Prezidenti oktyabr ayının 18-də verdiyi müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasından, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunduğunu bildirib. Prezident İlham Əliyev son üç ildə qardaş ölkəyə yeddinci dəfə səfər etdiyini, Qazaxıstana hər səfərində dinamik inkişafı, yeni uğurları müşahidə etdiyini, ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi qeyd edib.

 

İqtisadi əməkdaşlıq da Prezident cənab İlham Əliyevin müsahibəsində xüsusi vurğulanan əsas istiqamətlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi: “İqtisadi əlaqələr dinamik şəkildə genişlənir, o cümlədən nəqliyyat-logistika və enerji sahələrində ortaq təşəbbüslər əsasında mühüm layihələr icra olunur.” Bu istiqamətdə həyata keçirilən birgə layihələr yalnız iqtisadi səmərə yaratmır, həm də regional tranzit imkanlarının artırılmasına və Orta Dəhlizin inkişafına xidmət edir. Azərbaycan–Qazaxıstan əlaqələrinin strateji mahiyyətini daha da möhkəmləndirir.

 

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub. Ölkə Prezidenti qeyd edib ki, bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.

 

Müsahibədə ekoloji əməkdaşlıq da diqqət mərkəzində olub. Xəzər dənizinin dayazlaşması, su səviyyəsinin azalması və ekosistemin dayanıqlılığı üçün yaranan risklər fonunda Azərbaycan və Qazaxıstan arasında sıx koordinasiya və məlumat mübadiləsi aparılır. Regional və beynəlxalq  platformalarda Xəzərin mühafizəsinə dair birgə təşəbbüslərin irəli sürülməsi, artmaqda olan transmilli ekoloji risklərin idarə edilməsində ortaq məsuliyyət modelini möhkəmləndirir. Beləliklə, Xəzər dənizi artıq yalnız bir su hövzəsi deyil, həm də ölkələrimizin birgə məsuliyyət və əməkdaşlıq rəmzinə çevrilib.Azərbaycan ilə Qazaxıstan arasında arasında etibarlı, davamlı və qarşılıqlı faydalı münasibətlərdavam edir. Gələcəkdə də bu müttəfiqlik modeli daha da güclənərək, türkdilli xalqların inteqrasiyasına, regionda sabitliyin və rifahın təmin olunmasına, həmçinin Azərbaycan və Qazaxıstanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcəkdir.

 

Aqşin Hüseynli,

 

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru