Türk Dövlətləri Təşkilatı Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir.

2025-10-21 Baxış: 115
img

Qazaxıstan daim Azərbaycanın beynəlxalq təşəbbüslərini, sülh gündəmini, dayanıqlı inkişaf layihələrini və regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir

Azərbaycan lideri İlham Əliyevin Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə müsahibəsi bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirir, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın siyasi baxışın ifadəsidir.

İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi illər ərzində formalaşmış qarşılıqlı anlayışın, liderlər arasında səmimi dostluğun və ortaq strateji məqsədlərin nəticəsidir. Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür.

Qazaxıstan daim Azərbaycanın beynəlxalq təşəbbüslərini, xüsusilə də sülh gündəmini, dayanıqlı inkişaf layihələrini və regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir. Eyni zamanda, Azərbaycan da qardaş Qazaxıstanın beynəlxalq arenadakı mövqelərini və təşəbbüslərini hər zaman diqqətlə izləyir və dəstək verir. Bu qarşılıqlı əməkdaşlıq iki dövlətin münasibətlərini təkcə siyasi deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Onu da bildirim ki, ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Bu illər ərzində Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.

Cənab Prezident müsahibəsində vurğulayıb ki, TDT Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı bu gün türkdilli dövlətlər arasında qarşılıqlı etimadın, strateji tərəfdaşlığın və birliyə əsaslanan inkişaf modelinin simvoluna çevrilib. O dövrdən etibarən təşkilat təkcə iqtisadi və siyasi deyil, həm də mədəni və mənəvi sahədə türk dünyasının inteqrasiyasına mühüm töhfələr verib. Son illər TDT-nin fəaliyyətində yeni mərhələ başlanıb. Keçən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində mühüm siyasi mesaj verdi. Bu görüş həm türk dövlətləri arasında qarşılıqlı etimadın və həmrəyliyin təcəssümü, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında sülh, inkişaf və qardaşlığın rəmzi oldu.

 

Mehdi Miriyev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala rayon MKTİB-in rəisi