Kadr islahatları məmur-vətəndaş münasibətlərindəki müsbət tendensiyanın yüksəlməsinə xidmət edir

Prezident
İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra
rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onların
qarşısında konkret tələblər qoydu. Bildirdi ki, yerlərdə bu gün hələ də mövcud
olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır: « Burada da əsas
prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar
görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə
bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi
icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi.
Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda,
xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət
böyük dərəcədə sağlamlaşdırılıb.»
Məlumdur
ki, dövlətimizin başçısı həmişə vətəndaş məmnunluğunun təmin edilməsi
bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş
münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi
önə çəkilir. Ona görə də ölkəmizin başçısı çıxışında bəzi məmurların
qanunsuz hərəkətlərinə də ciddi iradlarını bildirdi: «Ancaq mən onu da bilirəm
ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər.
Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb
edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz
əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların
göstərişləri olub.» Artıq bu kimi ciddi nöqsanlara son qoyulduğunu bildirən
Prezident məmurları ədalətli və vicdanlı işləməyə səslədi.
Dövlət
başçısı çıxışında onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas
infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət investisiya
proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib.
Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas
infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət
tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri
var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə,
o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun
qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir
standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının
tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən
100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən
70-80 faizi təmirlidir və keyfiyyətlidir.
O
da qeyd edildi ki, bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə
də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra
edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət,
ümumiyyətlə, müsbətə doğru dəyişir: «Bütün digər infrastruktur layihələri, o
cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman
obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini
tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə
ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz
bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların
sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.»
Bölgələrdə
məşğulluq məsələsinin həlli də əsas prioritetlərdən biridir. Azərbaycanda
bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb,
işsizliyin səviyyəsi aşağı düşüb. Cənab İlham Əliyev vurğuladı ki, ancaq o da həqiqətdir
ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri
mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə
axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də
bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də
daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən
şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları
işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr
yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı
uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Dövlətimizin
başçısı bu tələbi qarşıya qoydu ki, yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına
çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Çünki yerli istehsalın inkişafı
həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir.
Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox
önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə
turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə
iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
Prezident
İlham Əliyev bölgələrdə ekoloji tarazlığın qorunmasının da diqqət göstərilən məsələlər
sırasında olduğunu bildirdi. «Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya
ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz
bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur» deyərək
bu məqamı da xüsusi vurğuladı ki, vaxtilə burada ekoloji fəlakət hökm
sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab
olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir.
Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq,
rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri Ağ şəhərə çevirdik. Bölgələrdə
isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa
üsullar var. Qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün müvafiq
göstərişlər verildi.
Bəli,
bu gün Prezident İlham Əliyevin yeni kadr islahatları məmur-vətəndaş münasibətlərindəki
müsbət tendensiyaların yüksəlməsinə xidmət edir. Çünki dövlətimizin başçısı
üçün vətəndaş məmnunluğu sosial ədalət prinsipinin təməl daşıdır.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



