Ölkəmizdə aparılan kadr islahatları nəticəsində məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.

Dövlətimizin
başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft
kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürəndə təbii ki, burada əsas
məqamların, çağırışların nədən ibarət olduğunu da açıqladı. İqtisadi artımın
qeyri-nefr sektorunun hesabına olmasını təmin etmək üçün regionların malik
olduqları potensialdan səmərəli istifadənin prioritetliyini bildirdi və bunu
konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrası ilə təsdiqlədi. Dövlətimizin
başçısı regional inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə
yetirilməsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfərlər
etdi. Eyni zamanda, hər bir il çərçivəsində mütəmadi olaraq Nazirlər
Kabinetinin hesabat dövrü ilə əlaqədar müşavirəsini, həmçinin regionların
sosial-iqtisadi inkişaf proqramlarının ildönümləri ilə bağlı yekun tədbirlər
keçirərək qarşıya qoyulan vəzifələrin hansı səviyyədə yerinə yetirildiyinə dair
hesabatlar dinlənildi.
Prezident
İlham Əliyev həmin tədbirlərdə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları
faktlar əsasında, rəqəmlərə söykənərək ictimaiyyətə açıqladı. Dövlətimizin
başçısı İlham Əliyev hələ “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda “İnsan amili, insan kapitalı. Mən hələ bunu
2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu
deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir.
Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət
qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir.
Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?!
Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin
fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər
bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə
təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm:
inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” fikirlərinin
davamı olaraq bu çağırışı da etdi ki, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə
yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır.
Prezident
İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini
və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən
qeyd etdi ki, əfsuslar olsun bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün
apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan
üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni
zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər,
bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti
yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun
qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var.
Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz
qalmayacaq. Prezident İlham Əliyev yeni vəzifələrə təyin olunanlardan tələbinin
bu olduğunu açıqladı. Bildirdi ki, sizin başlıca vəzifəniz xoşagəlməz hallara
qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən
təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim
seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi
ölçülər götürüləcəkdir.
Dövlət
başçısı İlham Əliyevin siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi bütün
dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş münasibətləri
dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir.
Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini
ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara
tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da
məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli
inkişafına töhfə verməkdir. Yeni mərhələnin əsas məqsədi təbii ki,
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi
sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə
dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin
malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun
inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli
istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli,
sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və
ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Ölkəmiz qeyd olunan istiqamətlərin
hər biri üzrə uğurlu nəticələrə nail olub. Bölgələrimizdə əsas infrastruktur
layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya
proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib.
Bütün şəhərlərdə, kəndlərdə içməli su ilə bağlı lazımi tədbirlər görülür,
suvarma layihələri icra edilir. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ
kimi öndə saxlanılır. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə
dövlət qurumlarının nüfuzunu daha da artırır, dövlət-vətəndaş münasibətlərinin
keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir.
Prezident
İlham Əliyev yeni vəzifələrə təyin olunanları qəbul edərkən bir daha bu
çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər
öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər
bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər
zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi
istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların
xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət
qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında
aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Azərbaycanın
bölgələrinin bu gün ən yüksək standartlara cavab verməsi çağırışı dayanır. Son
illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan
vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir
edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik
infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr,
qazlaşdırma, bütün bunlar görülən işlərin uğurlu nəticələridir. Dövlət başçısı
İlham Əliyev məmurların qarşısında bir daha bu vəzifələri qoydu ki, insanlara
diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq
lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda
olmaq lazımdır: “Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim
təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim
etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz
ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək
etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz
artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin
olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və
xalqın rəğbətini qazanacaqsınız.”
Atdığı
hər addımı ilə 2003-cü ildə verdiyi “Mən hər bir vətəndaşın Prezidenti
olacağam” vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən Prezident
İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında
olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin.
Dövlət başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə
öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla
yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən tələb edir: Vətəndaşlarla
münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara daha
keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsi və vətəndaş məmnunluğunun
təminatı əsasdır. Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində
qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir.
Bəxtiyar Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri, Şirvan-Salyan
Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri.
Digər xəbərlər



