ADPU Şamaxıda AMEA-nın 80 illik yubiley tədbirində Prezident cənab İlham Əliyevin çıxışına həsr olunmuş konfrans keçirildi

2025-12-11 Baxış: 8
img
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda elmi konfrans təşkil edilmişdir. Tədbir ölkəmizdə elmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmi ictimaiyyət qarşısında müəyyən etdiyi strateji vəzifələrin təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Konfransı giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova ölkəmizdə elmi mühitin inkişafına yönələn dövlət siyasətindən, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi prioritet istiqamətlərdən danışdı. O qeyd etdi ki, bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifələr ölkənin intellektual potensialının gücləndirilməsi, yeni biliklərə əsaslanan iqtisadiyyatın qurulması və gənclərin elmi fəaliyyətə daha geniş şəkildə cəlb olunmasıdır. AMEA-nın 80 illiyi təkcə bir yubiley deyil, həm də ölkənin elmi sisteminin müasir çağırışlara uyğun yenidən qurulması istiqamətində mühüm mərhələdir. Filial direktoru əlavə etdi ki, Azərbaycanda elmi inkişafın möhkəm təməlləri Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qoyulmuşdur.

Ulu öndərin alimlərlə keçirilən görüşləri, elmi müəssisələrin vəziyyəti ilə yaxından maraqlanması, onların problemlərinin həlli üçün verdiyi tapşırıqlar Azərbaycanın elmi mühitinin inkişafında dönüş nöqtəsi olmuşdur. Bu ənənə bu gün də davam etdirilir və ölkənin elmi siyasəti Heydər Əliyev ideyalarına əsaslanaraq daha da zənginləşdirilir.

Daha sonra  Sosial və xüsusi fənlər kafedrasının dosenti, AMEA-nın  Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Azərbaycan tarixinin tədqiqi və təbliğində yeni mərhələ” mövzusunda çıxış edərək, tarix elminin müasir metodologiyalar əsasında yenidən işlənməsinin zəruriliyini vurğuladı.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Sara Qurbanlı  “Qərbi Azərbaycana qayıdış: tarixi saxtakarlıqdan müasir çağırışlara doğru” mövzusunda məruzəsində Qərbi Azərbaycanla bağlı tarixi faktların düzgün təqdim edilməsinin və bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsinin vacibliyini qeyd etdi.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva
“Azərbaycan dilinin saflığının qorunması – milli vəzifədir” məruzəsində ana dilimizin mühafizəsi, ədəbiyyat və media mühitində dil norma və qaydalarına əməl olunmasının aktuallığını diqqətə çatdırdı.
Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Dürdanə Heydərova
“Riyazi modelləşdirmə və süni intellekt: müasir elmi tədqiqatların inkişafında inteqrativ yanaşma” mövzusunda çıxış edərək, innovativ texnologiyaların elmə gətirdiyi yeniliklərdən və riyazi modelləşdirmənin tətbiq imkanlarından bəhs etdi.

Məruzələr ətrafında aparılan müzakirələrdə konfrans iştirakçıları mövzular üzrə öz fikir və təkliflərini səsləndirərək elmi yanaşmaların təkmilləşdirilməsi istiqamətində müxtəlif aspektləri önə çəkdilər.
Tədbirin sonunda filial direktoru dosent Tünzalə Yusifova yekun nitqi ilə çıxış edərək vurğuladı ki, Prezident cənab İlham Əliyevin elmin inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsi  hər bir təhsil və elm müəssisəsinin qarşısında mühüm vəzifə kimi dayanır.