Azərbaycan Slovakiya iqtisadi əlaqələri daha da genişlənir

Dekabr
ayının 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri
iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi,
mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş
addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının
inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.
Slovakiya
ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri
davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini
1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi
olaraq 1993-cü ildə qurulub. Ötən müddət ərzində iki ölkə arasındakı diplomatik
əlaqələr möhkəmlənib və strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaranıb.
Səfər
çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya
Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə
görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla
çıxış ediblər.
Slovakiya
Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata
bəyanatları zamanı ilk ölaraq bildirib ki, “bu, Azərbaycan Prezidentinin
Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən
yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf
etdirmək niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək
formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər
zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki
bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə
olub”.
Slovakiya
Prezidenti qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına
malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji
resurslarına malikdir. “Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır və
ciddi artım var. Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş
potensial var”, - deyə o əlavə edib.
Azərbaycan
Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin
genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd
edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və
strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən
yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün
istiqamətlər üzrə əməkdaşlıq genişlənib.
Bildirilib
ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji
potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə
olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində
bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin
fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, - deyə Azərbaycan
Prezidenti əlavə edib.
İki
dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə
vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən
bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan
sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib.
Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı
Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən
keçir.
Bu
gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac
edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi
kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək
və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı
daha da böyük həcmdə mümkün olacaqdır”.
İki
ölkə arasındakı hərbi və müdafiə əməkdaşlığı da genişlənməkdədir. Azərbaycan
Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və
müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş
hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini
vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin
açılmasına işarədir.
Prezident
İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin
genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda
iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya
imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və
parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin
gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



