Dostluqdan Strateji Birgəliyə: Azərbaycan–Slovakiya tərəfdaşlığının yeni mərhələsi

Prezident
İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri iki ölkə
arasında münasibətlərin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət
daşıdı. Səfər çərçivəsində dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya
əməkdaşlığının real məzmununu və gələcək perspektivlərini bir daha ortaya
qoydu.
Prezident
İlham Əliyev vurğuladı ki, Azərbaycan və Slovakiya bu gün sözün əsl mənasında
dost və strateji tərəfdaş ölkələrdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək siyasi müstəviyə yüksəldib və bu
gündən etibarən hər iki dövlət bütün sahələr üzrə fəal əməkdaşlıq edir.
Energetika, iqtisadiyyat, texnologiya və müdafiə sənayesi istiqamətlərində birgə
işçi qruplar fəaliyyətini genişləndirir, konkret layihələr icra olunur.
Azərbaycan
Prezidenti qeyd etdi ki, ölkəmizin zəngin qaz ehtiyatları təkcə Slovakiyanın
deyil, bütün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir. Artıq 14 ölkə
Azərbaycan qazını alır və ümumi qaz ixracının yarısı Avropa İttifaqına daxil
dövlətlərin payına düşür. Yeni yataqların işlənməsi Slovakiyaya və region ölkələrinə
daha böyük həcmlərdə enerji ixracını mümkün edəcək.
Müdafiə
sənayesi sahəsində əməkdaşlıq isə qarşıdurmaya deyil, texnoloji inkişaf və sənaye
sinergiyasına yönəlib. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə
imkanlarının birləşdirilməsi dünya bazarına rəqabətqabiliyyətli məhsullar
çıxarmağa şərait yarada bilər. Prezident İlham Əliyev Slovakiyanın Qələbə Günü
tədbirlərində yüksək səviyyədə təmsil olunmasını da iki ölkə arasındakı səmimi
dostluğun nümunəsi kimi dəyərləndirdi.
Slovakiyanın
sabit inkişafı, müstəqil xarici siyasəti və güclü sənaye potensialı Azərbaycan
tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı vurğuladı ki, bu keyfiyyətlər
Slovakiyaya bölgədə böyük hörmət qazandırır.
Səfər
zamanı nəqliyyat-kommunikasiya və əlaqələndirici dəhlizlərin inkişafı da əsas
müzakirə mövzularından biri oldu. Prezident İlham Əliyev Azərbaycanın Şərq–Qərb
nəqliyyat dəhlizinin aparıcı hissəsinə çevrildiyini və Orta Dəhliz təşəbbüsündə
fəal iştirak etdiyini diqqətə çatdırdı. Bu sahədə Slovakiya ilə əməkdaşlıq
böyük potensiala malikdir.
Dövlət
başçısı həmçinin Azərbaycanın informasiya texnologiyaları və data mərkəzləri
sahəsində üstünlüklərindən danışdı. Ölkənin istifadə olunmayan böyük enerji
potensialı və soyuq iqlimli bölgələri beynəlxalq data mərkəzləri üçün əlverişli
şərait yaradır. Slovakiya şirkətləri ilə bu istiqamətdə də əməkdaşlıq
planlaşdırılır.
Prezident
İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Slovakiya münasibətləri təkcə
iki ölkə arasında diplomatik xətt deyil, həm də gələcəyə yönəlmiş, çoxşaxəli və
real iqtisadi-təhlükəsizlik əməkdaşlığıdır. Bu tərəfdaşlıq yaxın illərdə həm
region, həm də Avropa üçün yeni imkanlar açacaq.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



