Qalib Xalqın Qalib Lideri!

2025-12-23 Baxış: 7
img

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik təlimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənərək, müasir inkişaf üçün möhkəm bünövrə yaratdı. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi yüksəliş və siyasi sabitlik dövrünə qədəm qoydu. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi.

Bu irsi uğurla davam etdirən cənab Prezident İlham Əliyev, Ulu Öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq, Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu.

Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə, yalnız torpaqların işğaldan azad edilməsi deyildi; bu, həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi. Xalq, dövlət və ordu birliyi, Ali Baş Komandanın müdrik qərarları ilə əsl qəhrəmanlıq dastanı yazdı. Bu Zəfər Azərbaycan xalqının gücünü, iradəsini və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azad edilməsi ilə xalqımız 30 illik nisgilin və haqsızlığın sona çatdığını gördü. Bu qələbə, dünya xəritəsində kiçik bir ölkə kimi görünən Azərbaycanın artıq qlobal miqyasda öz haqqını qoruyan, prinsipial mövqeyi olan güclü bir dövlət olduğunu təsdiqlədi.

Azərbaycanın bu möhtəşəm zəfəri beynəlxalq siyasi səhnədə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət, ölkəmizin beynəlxalq münasibətlərdə fəal rol almasına, qlobal məsələlərdə söz sahibi olmasına şərait yaratdı. Bu gün Azərbaycan, qlobal problemlərin həllində təşəbbüskar mövqeyi ilə diqqət çəkir. Xüsusilə, iqlim dəyişiklikləri və ekoloji təhlükəsizlik məsələlərinin dünya miqyasında həlli istiqamətində atdığı addımlarla Azərbaycan, təkcə regionda deyil, bütün dünyada etimad qazanıb.

Cənab Prezident İlham Əliyev uzaqgörən siyasəti, xalqına, dövlətinə olan sədaqəti ilə Azərbaycanı dünyada güc mərkəzinə çevirdi. Beynəlxalq gücləri onun iradəsi ilə hesablaşmağa vadar etdi. Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək yeni hədəflərə doğru inamla addımlayır.

 

            Elman Nəcəfov,

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Hacıqabul rayon Statistika İdarəsinin rəisi.