Milli iradədən qlobal nüfuza: Prezident İlham Əliyevin dövlətçilik missiyası

Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan
dövlətçiliyinin məntiqi davamı, eyni zamanda yeni keyfiyyət mərhələsidir. Bu fəaliyyətin
əsasında milli maraqlar, güclü siyasi iradə və Azərbaycan vətəndaşına xidmət
prinsipi dayanır.
2024-cü
il prezident seçkiləri müstəqil Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi
oldu. İlk dəfə olaraq seçkilər ölkənin bütün ərazilərində, o cümlədən Xankəndidə
keçirildi. Prezident İlham Əliyevin məhz Xankəndidə səs verməsi təkcə siyasi
akt deyil, dövlət suverenliyinin rəmzi, separatizmə vurulan son zərbə kimi
tarixə yazıldı. Bu addım Azərbaycanın ərazi bütövlüyünün dönməzliyini bütün
dünyaya nümayiş etdirdi.
“Bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipi Prezident İlham
Əliyevin idarəçilik fəlsəfəsinin əsasını təşkil edir. Sosial rifahın yüksəldilməsi,
şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət, insan kapitalının inkişafı
bu siyasətin real nəticələridir. Dövlət-vətəndaş münasibətləri etimad və məsuliyyət
üzərində qurulmuşdur.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı deyil, milli maraqlara əsaslanan
xarici siyasət modeli formalaşdırmışdır. Qonşu dövlətlər, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa ölkələri və digər beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu münasibətlər
Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu gün Azərbaycan
beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınır.
İqtisadi
müstəqillik siyasi müstəqilliyin əsas dayağıdır. Aparılan islahatlar nəticəsində
Azərbaycan dayanıqlı iqtisadi model formalaşdırmış, yeni iqtisadi rayon
bölgüsü, enerji strategiyası və “Cənub Qaz Dəhlizi” kimi qlobal layihələrlə
regionun aparıcı gücünə çevrilmişdir. Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv qəbul edilməsi də bu siyasətin beynəlxalq təsdiqidir.
Prezident
İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan xalqı 30 illik
işğalla barışmadı. Güclü ordu, güclü iqtisadiyyat və milli birlik 44 günlük Vətən
müharibəsində tarixi Qələbəni təmin etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə qazanılan bu Zəfər təkcə hərbi yox, siyasi və mənəvi üstünlüyün də göstəricisi
oldu. Qələbənin salnaməsi yeni orden və medallarla əbədiləşdirildi, Dövlət
Suverenliyi Günü təsis olundu.
Bu
gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. “Böyük
Qayıdış” Proqramı çərçivəsində on minlərlə insan doğma yurdlarına qayıdıb.
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, Azərbaycan Bayrağı bu
torpaqlarda əbədi dalğalanır.
Prezident
İlham Əliyevin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyi arasında
möhkəm körpü yaradır. Güclü dövlət, yüksək rifah cəmiyyəti və qalib xalq
ideyası bu siyasətin əsas hədəfidir. Bu yol milli iradəyə, tarixi ədalətə və gələcəyə
inamla aparan yoldur.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



