YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirildi
01.06.2019
31 may 2019-cu il tarixdə YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirildi.
Konfrans öz işinə başlamazdan əvvəl Gənclər Birliyinin üzvləri Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edirlər, Ulu Öndərin müqəddəs xatirəsini yad edərək tər-gül çiçək dəstələri qoydular.
YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verdi. Bu gündə də partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Azərbaycan gəncliyi ictimai-siyasi və sosial-iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir. Müasir Azərbaycan gəncliyi müstəqil dövlətin gəncləri olaraq özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər. Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətlərindəndir.
Konfransda məruzə ilə çıxış edən YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev son illərdə gənclərin rayon təşkilatında boy sırasının artıdığını, onların partiya quruculuğunda fəal mövqe tutduğunu bildirdi. O, rayon təşkilatının uçot qeydiyyatında olan 4534 nəfər partiya üzvündən 1928 nəfərinin, yəni 42,5 %-nin gənclərdən ibarət olduğunu qeyd etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışaraq qeyd etdi ki, bu siyasətin nəticəsi olaraq gənclərin fəallığı daha da artıb.
Çıxış edən gənc fəallar Ataş Əsədov, Sona Haxıyeva və Xanım Ağayeva, hesabat dövründə rayon təşkilatının sosial bazasının daha da genişləndiyini qeyd etdilər. Onlar razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülmüş, insanlara diqqət və qayğı artırılmış, onların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaradılmış, rahat avtomobil yolları çəkilmiş, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektlər inşa olunmuş, çoxlu sayda sosial obyektlər tikilmiş və əsaslı təmir olunmuşdur. Bütün bunları, rayonun sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə Dövlət Başçısının töhfəsinin əyani təzahürü kimi qiymətləndirdilər. Çıxış edən gənc fəallar dövlətin gənclərə diqqət və qayğısından, rayonda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni inşa olunmuş sosial obyektlərin imkanlarından istifadə etmələrinə yaradılan şəraitdən bəhs etdilər, respublikamızın inkişafı və tərəqqisində əzmlə çalışacaqlarını bildirdilər. Çıxış edənlər YAP Neftçala rayon təşkilatı Gənclər Birliyininin hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olundu.
Konfrans YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət Şura üzvlərini və 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibini müəyyənləşdirdi.
Gizli səsvermə yolu ilə Ülvi Fərzəliyev YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsinə seçildi. Ataş əsədov və Sona Haxıyeva isə sədr müavinləri seçildi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçildi.
Digər xəbərlər