Azərbaycanın genişlənən iqtisadi rayonları

Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı
ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənmiş, yeni bölgüyə əsasən isə
iqtisadi rayonların sayı 14-ə çatdırılmışdır .
Azərbaycanın
ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən
baxılmasını şərtləndirmişdir. Fərmanda göstərildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin
sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri,
Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan
rayonları) yaradılıb. Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır.
Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional
strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional
kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni
reallıqlar yaradıb.
Şərqi
Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır. Məhz
Fərmanda da göstərilir ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən
Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində,
Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə,
habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində
olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan,
Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini
zəruri edir. Həmçinin sözügedən Fərmanda Qarabağa vahid yanaşma var, yəni
dağlıq və aran Qarabağ bir götürülür. Qeyd olunur ki, Ağdam, Şuşa, Füzuli, Tərtər,
Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid
olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni
irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli
inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması
vacibdir.
Gəncə–Qazax
və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılması da günün tələbi idi.
Diqqət yetirsək görərik ki, Fərmanda azad olunmuş ərazilərin ölkəmizin
iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax
və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin
artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə
həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasının zərurliyi
vurğulanır. Onun üçün də Gəncə–Qazax iqtisadi rayonunun əvəzinə Gəncə–Daşkəsən
iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və
Samux rayonları) və Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir
və Tovuz rayonları) yaradılıb. Ölkənin ən böyük iqtisadi rayonu olan Aran
iqtisadi rayonunun da tərkibinə yenidən baxılıb və 3 iqtisadi rayon - Mərkəzi
Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax
və Zərdab rayonları); Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və
Sabirabad rayonları); Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar,
Hacıqabul, Neftçala və Salyan rayonları) yaradıldı.
İqtisadi
rayon - ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən
ərazilərdir. Yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır.
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və
inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin
artırılmasına töhfə verəcəkdir. Ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin
olunmasına, institutsional islahatlar aparılmasına xidmət edəcəkdir. Xüsusən də
iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyini artıracaqdır.
Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda Qarabağın inkişaf
strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaqdır.
Bakı
iqtisadi rayonu (Bakı şəhəri) da formalşdırılıb. Digər iqtisadi rayonların -
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək,
Şahbuz və Şərur rayonları); Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri,
Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı,
Qobustan və Şamaxı rayonları); Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba,
Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad,
Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Şəki–Zaqatala iqtisadi rayonu
(Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) tərkibi isə dəyişməyib.
Zərəngiz Abasova,
YAP
fəalı, Hacıqabul rayon Qarasu kənd tam orta ümumtəhsil məktəbinin direktoru.
Digər xəbərlər



