Dünya Azərbaycanlılarının Həmrəyliyi – milli birliyin və dövlətçilik ideyasının təntənəsi.

Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli özünüdərk
tarixində xüsusi yer tutan, ümummilli birliyin və dövlətçilik ideyasının təcəssümü
olan əlamətdar bayramdır. Bu günün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın
milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, artıq möhkəm
ictimai-siyasi ənənəyə çevrilmişdir.
Ümummilli
Lider Heydər Əliyevin qeyd etdiyi kimi, qədim və zəngin tarixə malik Azərbaycan
xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən bu bayram hər
bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində
milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, onların milli-mənəvi varlığını
yaşadan və bir amal ətrafında birləşdirən yeganə qüvvə müstəqil və suveren Azərbaycan
dövlətidir. Məhz bu dövlət xalqımızın dilinin, dininin, milli-mənəvi dəyərlərinin
və ümumbəşəri prinsiplərin qorunmasının əsas təminatçısıdır.
Dünya
azərbaycanlılarının birliyi və təşkilatlanması ideyası Ulu Öndər Heydər
Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi olaraq formalaşmışdır. Həmrəylik
gününün təsis edilməsi xalqın ideoloji bütövlüyünün möhkəmlənməsinə, milli
birlik ruhunun güclənməsinə mühüm töhfə vermişdir. Bu bayram Azərbaycan
xalqının harada yaşamasından asılı olmayaraq eyni kökə, eyni tarixə və eyni Vətənə
bağlı olduğunu nümayiş etdirir.
Prezident
İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında
vurğuladığı kimi, xaricdə yaşayan azərbaycanlılar böyük və ayrılmaz bir ailədir.
Onları birləşdirən əsas amil Vətənə bağlılıq, Azərbaycan dövlətinə sədaqət və
azərbaycançılıq məfkurəsidir. “Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir
dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq!”
fikri bu birliyin ideoloji əsaslarını aydın şəkildə ifadə edir.
Dünya
Azərbaycanlılarının Qurultayları diaspor fəaliyyətinin inkişafında yeni mərhələlərin
başlanğıcı olmuşdur. Ümummilli Liderin I Qurultaydakı çıxışında qeyd etdiyi
kimi, bu toplantılar xaricdə yaşayan soydaşlarımızın daha sıx həmrəyliyi və təşkilatlanması
üçün mühüm platforma rolunu oynayır. Bu gün artıq Azərbaycan diasporu beynəlxalq
aləmdə fəal və təsirli mövqeyə malikdir, ölkəmizin milli maraqlarının müdafiəsində
uğurlu lobbiçilik fəaliyyəti həyata keçirir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı –
Zəfər Qurultayı isə tarixi əhəmiyyət daşıyan bir hadisə kimi yadda qalmışdır.
Bu Qurultayda qəbul olunmuş “Dünya Azərbaycanlılarının V Qurultayının beynəlxalq
ictimaiyyətə müraciəti” müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması baxımından mühüm siyasi sənəd olmuşdur.
Beləliklə,
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Vətənə məhəbbət,
milli-mənəvi dəyərlərə hörmət və dövlətə sədaqət kimi ali dəyərləri özündə
ehtiva edir. Bu bayram Azərbaycan xalqının sarsılmaz birliyinin, güclü dövlətinin
və parlaq gələcəyinin rəmzidir.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



