31 Dekabr - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Hər
il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd
olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə,
həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin,
ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Həmrəylik
bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu
ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının
özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq
ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı
olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və
tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq
ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu
sayır.
Dünya
Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi
deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən
proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib
çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq
Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan
və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından
qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoydu.
Moskvanın
və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu
problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il
noyabrın 17-da Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz
aksiyasına başladı. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad
yaşamağa layiqdir. Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə,
birliyinə ehtiyac yarandı. Beləliklə, bütün bu baş verən hadisələrin fonunda 31
dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Bu tarixin rəsmiləşdirilməsi
isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik
və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz
gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr
ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam
verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd
etdikləri milli bayrama çevrilmişdir.
2001-ci
il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı
keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud
olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi.
Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının
milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya
azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin
həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi
dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini
bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən
həmişə fəxr etmişəm, bugündə fəxr edirəmki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin
bu kəlamları hərbir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Bu
gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib.
Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin,
xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir.
44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər
ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha
da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.Bugün hər bir azərbaycanlı
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla
addımlayacağına tam əmindir.
Bu
həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



