Nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur.

2026-01-07 Baxış: 65
img

Müasir beynəlxalq münasibətlər sistemində enerji resursları təkcə iqtisadi amil deyil, eyni zamanda dövlətlərin siyasi davranışını, müstəqil qərarvermə imkanlarını və regional nüfuzunu müəyyən edən əsas faktorlardan biridir. Son illərdə qlobal enerji bazarlarında baş verən proseslər açıq şəkildə göstərir ki, enerji təhlükəsizliyinə malik olmayan dövlətlər geosiyasi risklər qarşısında daha həssas vəziyyətdə qalırlar. Bu baxımdan Prezident İlham Əliyevin 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə enerji məsələlərinə xüsusi yer ayırması təsadüfi deyil.

Dövlət başçısı müsahibəsində Azərbaycanın mövcud enerji potensialını yalnız rəqəmlər və layihələr prizmasından deyil, strateji üstünlük kimi dəyərləndirib. Prezident İlham Əliyevin “Nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur” fikri məhz bu yanaşmanın ifadəsidir. Burada əsas vurğu enerji ehtiyatlarının həcminə deyil, həmin ehtiyatlar üzərində tam və müstəqil nəzarət imkanına yönəlir.

Azərbaycanın enerji siyasətinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu siyasət qısa müddətli bazar konyunkturasına uyğunlaşdırılmayıb. Əksinə, uzunmüddətli strateji baxış əsasında formalaşdırılıb. Neft və qaz yataqlarının işlənməsi, boru kəmərlərinin çəkilməsi, ixrac marşrutlarının şaxələndirilməsi və etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması mərhələli şəkildə və düşünülmüş qərarlarla həyata keçirilib. Bu isə Azərbaycanın enerji sektorunda xarici təsirlərdən və siyasi şərtlərdən asılılığını minimuma endirib.

Enerji sahəsində sərbəstliyin yaratdığı üstünlüklər yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Prezident İlham Əliyevin müsahibəsində də işarə etdiyi kimi, enerji müstəqilliyi dövlətin siyasi suverenliyini möhkəmləndirən əsas dayaqlardan biridir. Enerji resursları üzərində nəzarət Azərbaycanın regional və beynəlxalq proseslərdə öz mövqeyini qətiyyətlə müdafiə etməsinə imkan verir. Bu amil ölkəmizin Cənubi Qafqazda etibarlı və söz sahibi aktor kimi qəbul olunmasını şərtləndirir.

Eyni zamanda, Azərbaycanın enerji gücü regional əməkdaşlıq üçün də real platforma yaradır. Enerji layihələri təkcə resurs ixracı deyil, həm də qarşılıqlı asılılıq və uzunmüddətli əməkdaşlıq mexanizmi formalaşdırır. Azərbaycan bu prosesdə təşəbbüskar rolunda çıxış edərək, regionda sabitliyin və etimad mühitinin möhkəmlənməsinə töhfə verir. Bu yanaşma enerji siyasətinin yalnız milli deyil, regional təhlükəsizlik baxımından da əhəmiyyətini artırır.

Müsahibədə səsləndirilən fikirlərdən aydın olur ki, enerji sektorundan əldə edilən gəlirlər də məqsədyönlü şəkildə idarə olunur. Bu vəsaitlər sosial layihələrə, infrastrukturun yenilənməsinə, insan kapitalının inkişafına və qeyri-neft sektorunun gücləndirilməsinə yönəldilir. Beləliklə, enerji resursları yalnız iqtisadi üstünlük deyil, həm də dayanıqlı inkişaf alətinə çevrilir.

Qlobal miqyasda enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir vaxtda Azərbaycanın mövqeyi daha aydın görünür. Bir çox ölkələr enerji asılılığı səbəbindən siyasi təzyiqlərlə üzləşdiyi halda, Azərbaycan öz enerji resurslarını milli maraqlar çərçivəsində idarə edərək müstəqil siyasət yürütmək imkanını qoruyub saxlayır. Bu, dövlətin strateji baxışının və siyasi iradəsinin nəticəsidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə enerji məsələləri ilə bağlı səsləndirdiyi mövqelər Azərbaycanın regional güc balansındakı xüsusi yerini bir daha təsdiqləyir. Sərbəst enerji gücü ölkəmizə yalnız iqtisadi dayanıqlıq deyil, həm də siyasi müstəqillik, diplomatik manevr imkanları və regional liderlik statusu qazandırır. Bu amil Azərbaycanın gələcək inkişaf xəttinin əsas sütunlarından biri olaraq qalacaq.

 

         Namiq Məmmədov,

         YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

         Xıllı qəsəbə İƏD üzrə nümayəndə