Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik.

2026-01-13 Baxış: 68
img

Prezident İlham Əliyev yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində demişdir: “Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb”. Cənab Prezidentin bu fikirləri Azərbaycanın həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasətin nəticələrini və beynəlxalq səviyyədə qazandığı etimadı aydın şəkildə nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi yüksək həcmdə xarici sərmayənin cəlb olunması Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdığını təsdiqləyir. Xarici investisiyaların əsas hissəsi enerji sektoruna yönəlsə də, son illərdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Nəqliyyat-logistika, sənaye parkları, aqrar sektor, eləcə də bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib. Ölkədə yaradılan siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Mövcud investisiya siyasəti, yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Daim təkmilləşən islahatçı biznes mühiti nəticəsində bütün investorlar üçün bərabər hüquqlar və imkanlar yaradılıb. Eyni zamanda bu sahədə güclü mühafizə siyasəti və qanunvericiliyin yaradılması investorlar üçün cəlbedici amillərdir. Eyni zamanda  xarici və yerli investorlara münasibətdə ayrıseçkiliyin olmaması, xarici investisiya üçün ilk öncə icazənin alınması kimi tələblərin, həmçinin, xarici mübadilə məhdudiyyətlərin, kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üçün lisenziyalaşdırmanın, şirkətlərdə xarici kapitalın miqdarına məhdudiyyətin, texnologiyanın köçürülməsi üçün məhdudiyyətin, mülkiyyətcilikdə hüquqi məhdudiyyətin, mənfəətin repatriasiyasında məhdudiyyətin və yerli həmkar tələbinin mövcud olmaması investorlar üçün əlverişli biznes mühitinin yaradılmasından xəbər verir.

Bugün ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi hazırda 300 milyard dollara çatıb. Bu gün yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin olması da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir.

 

Nigar İbrahimova,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Boyat kənd İƏD üzrə nümayəndəliyin baş məsləhətçisi